SOCAR Tatarıstan Neft, Qaz və Kimya Forumunda İqtisadiyyat

SOCAR Tatarıstan Neft, Qaz və Kimya Forumunda

Tərlan

Sentyabrın 2-dən 4-ə qədər Tatarıstanın paytaxtı Kazan şəhərində 22-ci Beynəlxalq Neft, Qaz, Kimya Forum-Sərgisi keçirilmişdir. Ənənəvi forum-sərgi bu sahədə Rusiyanın ən iri tədbirlərindən biridir. Rusiya Federasiyası Prezidentinin, Rusiya Sənaye və Ticarət Nazirliyinin, Təbii Sərvətlər və Ekologiya Nazirliyinin, habelə Tatarıstan hökumətinin dəstəyi ilə keçirilən forumun təşkilatçıları arasında Tatarıstan Sənaye və Ticarət Nazirliyi, "Tatnefteximinvest-holdinq" Açıq Səhmdar Cəmiyyəti, "Tatneft" ASC və Tatarıstan Elmlər Akademiyası da var. Forumun təntənəli açılışında Tatarıstan Prezidenti vəzifəsini müvəqqəti icra edən Rüstəm Minnixanov və Başqırdıstanın başçısı Rüstəm Xamitov iştirak etmişlər. Tədbirdə 200-dən çox şirkət, o cümlədən Rusiyanın müxtəlif regionlarından 130-dan çox müəssisə, Tatarıstanın 50-dən çox müəssisəsi, habelə dünyanın 12 ölkəsindən - Azərbaycan, ABŞ, Çin, Almaniya, Avstriya, Danimarka, Polşa, Çexiya, Belarus və Hindistandan 24 şirkət təmsil olunmuşdur. Forum çərçivəsində 3 tematik ixtisaslaşdırılmış sərgi, 6 elmi-praktiki konfrans, o cümlədən "Neft, qaz, neft kimyası-2015" beynəlxalq sərgisi, "Qeyri-ənənəvi karbohidrogen yataqlarının kəşfiyyatının və işlənməsinin xüsusiyyətləri" və "Neft, qaz və kimya kompleksinin inkişafının perspektiv istiqamətləri" mövzularında beynəlxalq elmi-praktiki konfranslar, ilk dəfə "İnterplastik Kazan" I Beynəlxalq ixtisaslaşdırılmış plastik kütlə və kauçuk sərgisi keçirilmişdir.
Forumda ölkəmizi SOCAR təmsil etmişdir. Tatarıstan və Başqırdıstan rəhbərləri SOCAR-ın pavilyonunu ziyarət etmiş, Azərbaycanın neft və qaz sənayesindəki yeniliklər və uğurlar barədə ətraflı məlumat almışlar. Rüstəm Minnixanov Forumun işində fəal iştiraka görə minnətdarlığını bildirmişdir. Sərginin sonuncu günü SOCAR pavilyonu öz dolğunluğuna və gözəl tərtibatına görə "Eksklüziv stend" diplomu ilə təltif edilmişdir.