“Bu reytinq ölkəmiz üçün olduqca vacibdir” İqtisadiyyat

“Bu reytinq ölkəmiz üçün olduqca vacibdir”

Vüqar Bayramov: "Azərbaycana xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir"

Dünyanın aparıcı kredit reytinq agentliyi olan "Fitch" təşkilatının qiymətləndirməsində Azərbaycanın stabil yerini qoruyub saxlamasından qısa müddət sonra ölkəmiz digər bir nüfuzlu indeksdə mövqeyini ciddi şəkildə gücləndirib. Belə ki, dövlət büdcələrinin şəffaflığını qlobal olaraq qiymətləndirən yeganə müstəqil hesabat olan "Açıq Büdcə İndeksi"ində Azərbaycan indeksdə 58-ci yerdən 42-ci yerədək yüksəlib. Qeyd edək ki, "Açıq Büdcə İndeksi" 140 sualdan ibarət olan "Açıq Büdcə Sorğusu"nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür. Bunu şərh edən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, son zamanlar ölkəmizin beynəlxalq hesabatlarda yerinin daha da yaxşılaşması olduqca müsbət haldır.
Onun sözlərinə görə, bu Azərbaycanda həyata keçirilən dayanıqlı iqtisadi islahatlara beynəlxalq qiymət kimi dəyərləndirilə bilər: "Açıq Büdcə İndeksi"ində Azərbaycanın mövqeyinin daha da yaxşılaşması Maliyyə Nazirliyi tərəfindən büdcə məlumatlarına nəinki dövlət qurumlarının və ya vətəndaş cəmiyyətinin, hətta adi vətəndaşlarının çıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. Artıq hər bir vətəndaş naziriyin internet səhifəsinə daxil olmaqla büdcə məlumatlarının sərbəst və heç bir baryer olmadan əldə edə bilir. Eyni zamanda, büdcənin layihələşdirilməsi, icrasə ilə bağlı hesabatlar və eləcə də inkişaf proqnozları daxil olmaqla iqtisadi izahatlar beynəlxalq standartlara uyğun olaraq hazırlanmaqdadır. Bütün bunlar ölkəmizdə büdcə şəffaflığın ciddi şəkildə gücləndiyindən xəbər verir".
Vüqar Bayramov deyib ki, "Açıq Büdcə İndeksi" kifayət qədər nüfuzlu hesabat olmaqla yanaşı, dövlət maliyyəsi sahəsində islahatları qiymətləndirməyə imkan veri: "Azərbaycanda maliyyə sferasında son illər aparılan islahatlar məhz özünü sözügedən hesabatın qiymətləndirmələrində də göstərməkdədir. Digər beynəlxalq təşkilat - "Fitch" reytinq agentliyi dünyanın tanınmış kredit reytinq agentliklərindən biridir və ölkələrin kredit reytinqini müəyyənləşdirir. Bu qurum ölkələrin kredit reytinqlərini müəyyənləşdirən zaman ölkədəki mövcud vəziyyət və eyni zamanda gələcək inkişafla bağlı proqnozları nəzərə alaraq dəqiq qiymətləndirmə aparır. Neftin dünya bazarında qiymətinin aşağı düşməsinə və eləcə də qlobal çətinliklərə baxmayaraq, Azərbaycanın reytinqi sabit olaraq "BBB" kimi dəyərləndirilib. "Fitch" reytinq agentliyi dünyanın aparıcı kredit reytinq təşkilatlarından biri olduğu üçün onun bizim ölkəmizlə bağlı sabit reytinqi xaricdə Azərbaycan iqtisadiyyatına inamın formalaşdırılması və inamın saxlanması baxımından olduqca vacibdir"
İqtisadçı vurğulayıb ki, adıçəkilən agentliyin sabit reytinqi ölkə iqtisadiyyatına inam gətirir: "Azərbaycan iqtisadiyyatına xarici inamın daha da artırılması baxımından bu reytinq ölkəmiz üçün olduqca vacibdir. Bu birbaşa iqtisadiyyatımızın beynəlxalq imicinin göstəricisidir. Son reytinq Azərbaycana xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Çünki həmin reytinq agentliyinin verdiyi qərar birbaşa həmin ölkəyə cəlb edilən investisiyanın həcminə təsir göstərir. İnsanlar ölkəyə investisiya yatıran zaman "Fitch" reytinq agentliyinin reytinqlərini nəzərə alırlar və eyni zamanda həmin reytinqə uyğun olaraq investisiya qərarları verirlər. Bu dünya bazarında neftin kəskin ucuzlaşması fonunda qeyri-neft sektorunun inkişafına investisiyaların cəlb olunması baxımından çox vacibdir. "Fitch" reytinq agentliyinin qərarı Azərbaycan şirkətlərinin xaricdə yerləşdirdiyi qiymətli kağızların və səhmlərin faizinə təsir göstərir və imkan verir ki, Azərbaycan şirkətləri, o cümlədən Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti daha məqbul şərtlərlə və daha az faizlə öz qiymətli kağızlarını yerləşdirə bilsinlər. Yəni bu ona imkan verir ki, Azərbaycan şirkətləri və fondları daha az faiz borcu ödəməklə qiymətli kağızlarını Avropa bazarına yerləşdirmək imkanları qazansın. Fitch" reytinq agentliyinin reytinqi birmənalı şəkildə ölkənin aparıcı şirkətlərinin xaricdə yerləşdirdikləri səhmlərin faizinə müsbət mənada təsir göstərir. Bu reytinq imkan verir ki, Azərbaycan maliyyə qurumları daha aşağı faizlə beynəlxalq maliyyə institutları, Avropa və ABŞ-da olan banklardan kreditlər cəlb edə bilsinlər. O baxımdan təbii ki, reytinq Azərbaycan bankları və maliyyə qurumları üçün olduqca vacibdir. Həmçinin bu reytinq Azərbaycan iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda nəzərə alsaq ki, "Fitch" reytinq agentliyi öz hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı pozitiv proqnozlar yerləşdirib, bu nəinki ölkəmizin, hazırki iqtisadi vəziyyəti, yaxın və orta müddətli dövrdə də iqtisadiyyatımızda pozitiv mənzərənin formalaşmasına imkan yaradacaq".
V. Bayramov əlavə edib ki, son zamanlar beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin daha yaxşılaşması birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə reallaşan islahatların nəticəsidir: "Məhz dövlət başçısının siyasi iradəsi ölkəmizdə şəffaflığın daha da gücləndirilməsinə, uğurlu və davamlı iqtisadi islahatların həyata keçirilməsinə səbəb olmuşdur. Azərbaycan Prezidenti bütün müşavirə və toplantılarda şəffaflığın və səmərəliliyin daha gücləndirilməsi barədə öz tapşırıq və göstərişlərini verməsi xalqımızın bütün maliyyə göstəricilərin çıxış imkanlarının genişləndirilməsi üçün zəmin yaradıb. O baxımdan artıq formalaşmaqda olan "Şəffaf Azərbaycan" modeli məhz ölkə Prezidentinin siyasi iradəsi nəticəsində mümkün olub. Davam etdirilən islahatlar növbəti illərdə də Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyinin daha da güclənməsinə səbəb olacaq".