Vergilər Nazirliyində ciddi kadr və struktur dəyişikliyi baş verib İqtisadiyyat

Vergilər Nazirliyində ciddi kadr və struktur dəyişikliyi baş verib

Azərbaycan prezidenti tərəfindən verilmiş tapşırıqların planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə Tədbirlər Planı təsdiq olunub. Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu istiqamətdə görülən işlərin davamı olaraq, vergi borclarının daha səmərəli üsullarla alınması, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətində operativliyin artırılması, istintaq prosesinə nəzarətin gücləndirilməsi məqsədilə vergilər nazirinin 15 sentyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər Departamentlərinin, Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentləri və İdarələrinin, Rayon Vergilər Şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.
"Bu dəyişikliklər ilk növbədə vergi borclarının dövlət büdcəsinə tam həcmdə alınmasının təmin olunması ilə bağlıdır. Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən vergi borclarının dövlət büdcəsinə səfərbər edilməsi istiqamətində son dövrlər ciddi addımlar atılmışdır. Dövlət büdcəsi qarşısında borcu olan ödəyicilərin öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirilməsinin təmin edilməsi vasitəsi kimi borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, bank hesablarına sərəncam göndərilməsi, ölkədən getmə hüquqlarının məhdudlaşdırılması, habelə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və belə vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması kimi vasitələrdən daha geniş istifadə olunmağa başlanmışdır. Vergi borclarının daha səmərəli üsullarla alınması ilə bağlı mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq, aparılmış yeni struktur dəyişikliklərinə əsasən, dövlət büdcəsinə olan vergi borcları ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yalnız cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən etibarən məşğul olmağa başlayacaq. Bu isə, cinayət tərkibi yaradan vergi borcu materiallarının xeyli sayda azalmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artmasına və onların gələcəkdə cinayət törətməkdən çəkinmələrinə səbəb olacaq, habelə dövlət büdcəsinə borclardan daxil olan vəsaitlərin məbləğinin artmasına müsbət təsir göstərəcəkdir", - deyə məlumatda qeyd edilib.
Bu işləri daha səmərəli şəkildə həyata keçirmək məqsədilə Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi yaradılmışdır.
Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. Bu idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə, habelə, hər bir ərazi vergi orqanı üzrə yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq 14 şöbə yaradılıb.
Vergilər nazirinin digər əmri ilə xarici dövlətlərin vergi təşkilatları, banklar, sığorta təşkilatları və maliyyə institutları, beynəlxalq və regional maliyyə qurumları ilə maliyyə xarakterli məlumatların mübadiləsini təşkil etmək, bu təşkilatlarla Vergilər Nazirliyinin müvafiq sahədə əməkdaşlığını əlaqələndirmək, təcrübə mübadiləsi xarakterli qarşılıqlı səfərlər və görüşlər təşkil etmək, habelə maliyyə institutlarında vergi monitorinqini aparmaq məqsədilə Vergilər Nazirliyində müvafiq struktur yaradılıb. Görüləcək tədbirlər nəticəsində sahibkarlarının digər ölkələrlə biznes əlaqələri, habelə xarici dövlətlərdəki biznes fəaliyyətləri təhlil olunacaq və bu sahədə vergidənyayınma hallarının qarşısının alınması məqsədilə digər dövlətlərin vergi və maliyyə orqanları ilə qarşılıqlı əməkdaşlıq təmin ediləcək.
Vergilər nazirinin əmri ilə yaradılmış strukturlara kadr təyinatları da həyata keçirilib. Vidadi Məmmədov Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib.