İşaxtaran və işsiz vətəndaşların məşğulluq problemi İqtisadiyyat

İşaxtaran və işsiz vətəndaşların məşğulluq problemi

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikada işaxtaran və işsiz vətəndaşların səmərəli məşğulluğunun təminatı məqsədilə cari ilin 9 ayı ərzində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dinamik sosial-iqtisadi inkişafından bəhs edib. Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasətinin mühüm uğurlarından biri kimi, son 12 ildə respublikamızda 1,4 milyonadək, cari ilin 9 ayında 87 min iş yerinin açılıb, əmək bazarında sabitliyə və işsizlik səviyyəsinin 4,9 faizə enməsinə nail olunub. Uğurlu iqtisadi islahatlar, xüsusən sahibkarlığın inkişafına davamlı dövlət dəstəyi ölkədə qeyri-neft sektorunun getdikcə genişlənməsinə, yeni iş yerlərinin açılmasına və nəticə etibarilə əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə şərait yaradıb: "Dövlət Məşğulluq Xidmətinin əsas fəaliyyət prinsipi də əmək bazarında yaranmış imkanlardan düzgün istifadə edilməklə və işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkil olunması, dövlət məşğulluq strategiyasının icrasının uğurla yerinə yetirilməsidir. 2015-ci ilin ötən dövründə də bu istiqamətdə işlər aparılıb, işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, o cümlədən gənclərin, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi və s. sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilib".
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, cari ilin 9 ayı ərzində Xidmət tərəfindən ümumilikdə 22470 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlərlə təmin olunub. Məşğulluq orqanlarında qeydiyyata alınan və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz şəxslərdən 1200 nəfərə yaxını idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında ödənişli ictimai işlərə cəlb edilib. Xidmətin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki "Əmək Birjaları" vasitəsilə 3089 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bununla yanaşı, qeyd olunan dövrdə 2878 nəfərə işsiz statusu verilib, 3142 nəfərə isə işsizlik müavinəti təyin edilib.
Cari ilin 9 ayında peşə və ixtisası olmadığından münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 2776 nəfər şəxs Xidmət tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Həmin kurslar Xidmətin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Regional Peşə Tədrisi Mərkəzində, eyni zamanda ayrı-ayrı müvafiq tədris bazalarında təşkil edilib. Gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə peşəyönümü tədbirləri davam etdirilib və əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 72857 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib.
Bu ilin ötən dövründə Xidmət tərəfindən ölkəmizin bölgələrində keçirilən 54 Əmək yarmarkasında 4119 nəfər işsiz və işaxtaran vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib ki, onlardan 3641 nəfəri (88,4 %) göndərişlər üzrə münasib iş yerləri ilə təmin olunublar. Həmçinin bu tədbirlərdə 440 nəfər peşə hazırlığı kurslarına, 229 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərindəki bir sıra ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində isə 1477 nəfər məzun və tələbənin şəxsi məlumatları işəgötürənlər tərəfindən qəbul olunub, 254 nəfərə boş iş yerlərinə göndəriş verilib, 58 nəfər əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıb.