Azərbaycan qazının Avropaya nəqlinə dair mühüm saziş İqtisadiyyat

Azərbaycan qazının Avropaya nəqlinə dair mühüm saziş

Dünən Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəqli çərçivəsində Bolqarıstana qaz almaq imkanı verən, Yunanıstan və Bolqarıstanın qaz sistemlərini birləşdirən qaz xəttinin (Interconnector Greece-Bulgaria - IGB) tikintisi üzrə yekun investisya sazişi imzalanıb.
Sazişi Bolqarıstanın EAD enerji holdinqi və Yunanıstanın "Poseidon S.A" investisya şirkəti imzalayıb.
Bolqarıstanın energetika naziri Temenuzka Petkova imzalanma mərasimindən sonra qeyd edib ki, bu sazişlə təkcə Bolqarıstan və Yunanıstan üçün deyil, bütün Cənubi Avropa üçün strateji əhəmiyyət daşıyan bir layihənin həyata keçirilməsinə başlanılır.
Qeyd edək ki, bu layihə Azərbaycan qazının Avropa bazarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin komponentidir. Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya nəql olunacaq Azərbaycan qazının bir hissəsi IGB kəməri ilə Bolqarıstana çatdırılacaq.
Xatırladaq ki, 180 km uzunluğu olan IGB Bolqarıstan-Yunanıstan birgə müəssisəsi (EAD - 50%, "Poseidon S.A" - 50%) tərəfindən inşa olunacaq. "Poseidon S.A."-da Yunanıstanın DEPA şirkəti və İtaliyanın "Edison" şirkəti hərəyə 25% paya malikdir.
İllik ötürücülük qabilliyəti 3 mlrd. kubmetr nəzərdə tutulan kəmərin 2016-cı ilin oktyabr ayında inşasına başlanılması planlaşdırılır. IGB kəmərinin tikintisinə dair investisiya razılaşmasının imzalanması bu il iki dəfə təxirə salınıb.