“Gürcüstan donacaq” İqtisadiyyat

“Gürcüstan donacaq”

Gürcüstan Milli Hərəkat Partiyası və Diplomatlar Klubu "Qazprom"la aparılan danışıqları kəskin şəkildə pislədilər

Hökumət "Qazprom" şirkəti ilə aparılan danışıqların detallarını dərhal açıqlamalıdır.
Bu barədə bəyanatı müxalif Gürcüstan Milli Hərəkat Partiyası yayıb. Partiya hökumətin bunu etməyəcəyi təqdirdə hökumətə qarşı genişmiqyaslı aksiyalara başlayacağını bildirib: "Gürcüstan hökuməti gürcü xalqından gizli Rusiya ilə danışıqlar aparır. Bu danışıqlar "Qazprom"un Gürcüstan energetika bazarına girişini nəzərdə tutur. Hökumətin bunu diversifikasiya üçün həyata keçirdiyi tam yalandır. Qazın Gürcüstana verilməsi "Qazprom"un boru kəməri vasitəsi ilə "Qazprom"un nəzarəti altında həyata keçiriləcək. Bu, birbaşa Rusiyanın siyasi maraqları ilə bağlıdır. Bununla da Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və enerji azadlığına təhlükə yaradır. Bu kontrakt bizi uzun illər stabil şəkildə enerji ilə təmin edən Azərbaycanla da enerji əməkdaşlığımıza zərbə vuracaq. "Qazprom"dan asılılıq soyuq, donmuş Gürcüstan deməkdir. Rusiya bir dəfə bunu 2006-cı ildə Gürcüstana qarşı həyata keçirib".
"Qazprom"la aparılan gizli danışıqlarla bağlı Gürcüstan Diplomatları Klubu da bəyanat yayıb. Bəyanatda deyilir ki, Gürcüstan vətəndaşları Rusiyadan qaz alınmasının siyasi məsələ olduğunu bilir. Təşkilat bu əlaqələrin ölkənin suverenliyini təhlükə altına atacağını bildirib: "İndiyə qədər Gürcüstan Energetika naziri ilə "Qazprom" rəhbəri dörd dəfə görüşüblər. Bunlardan birincisi sentyabrda Brüsseldə, ikincisi oktyabrda Milanda, üçüncüsü dekabrın əvvəlində Luksemburqda, dördüncüsü isə dekabrın 27-si Sürixdə baş tutdu. Son görüşə xüsusi diqqət edilməlidir. Bunun haqqında cəmiyyətə heç bir rəsmi informasiya verilməyib. Energetika nazirinin ölkənin qaz təchizatının diversifikasiyası haqqında planları Gürcüstanın enerji təhlükəsizliyinə böyük zərbə vuracaq. Gürcüstanın İrandan da qaz alması Tiflis üçün çox pis nəticələrə gətirib çıxaracaq".
Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən, Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş və onun nəticələri barədə indiyə qədər heç bir məlumat yaymır.
Gürcüstan Diplomatları Klubu bir neçə ay öncə Gürcüstanın istefada və təqaüddə olan peşəkar diplomatlarının təşəbbüsü ilə yaradılıb.