Poçt və gömrük məsələlərinə dair seminar İqtisadiyyat

Poçt və gömrük məsələlərinə dair seminar

Aprelin 4-də Dünya Gömrük Təşkilatının (DGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin təyin olunmuş operatorları üçün poçt və gömrük məsələlərinə dair Dünya Gömrük Təşkilatı və Dünya Poçt İttifaqının seminarı" öz işinə başlayıb. Seminarda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova, Belarusiya, Gürcüstan və Azərbaycandan nümayəndə heyətləri iştirak edirlər. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, komitənin sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov seminarın qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, poçt göndərişlərində təhlükəsizliyin təmin edilməsi, gömrük yoxlamalarının sürətləndirilməsi və asanlaşdırılması, əvvəlcədən məlumat mübadiləsinin həyata keçirilməsi və dünya təcrübəsinin öyrənilməsi sahəsində vacib bilik və bacarıqların əldə olunmasında mühüm rol oynayacağını deyib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov müstəqillik əldə etdikdən sonra Azərbaycanın Poçt Xidmətinin inkişafından bəhs edərək bildirib ki, hər zaman qabaqcıl texnologiyaların tətbiqinə önəm verən Azərbaycan Poçt Xidməti maddi–texniki bazasını dövrün tələbləri səviyyəsində qurub və bunun nəticəsidir ki, beynəlxalq miqyasda mühüm uğurlar əldə edib.
Dörd gün davam edəcək seminarda "Poçt və gömrük xidmətləri arasında milli səviyyədə əməkdaşlığın daha da inkişaf etdirilməsi", "Gömrük tənzimləməsi", "Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı məsələlər", "Poçt və Gömrük xidmətləri arasında elektron məlumat mübadiləsi", "Elektron Ticarət" və digər mövzularda ekspertlər tərəfindən iştirakçılara ətraflı məlumat veriləcək.