“TAP-ın güclü siyasi dəstəyi var“ İqtisadiyyat

“TAP-ın güclü siyasi dəstəyi var“

"Cənub Qaz Dəhlizi layihəsi Xəzər qaz imkanlarını Avropa bazarlarına gətirən strateji təşəbbüsdür".
Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
O qeyd edib ki, Avropa İttifaqı Cənub-şərqi Avropa bazarlarının açılmasına, həmçinin Cənub Qaz Dəhlizinə səylərini sürətləndirəcək:"Bu səylər əsas məqsədlərindən biri regiondakı hər bir dövlətin ən az üç müxtəlif mənbədən qaz alışına imkanı olmasını nəzərdə tutan Enerji Birliyi çərçivəsinə birbaşa bağlıdır.Trans Adriatik Boru Kəməri (TAP) razılaşmasının təsdiqi və TAP-ın təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması yönündə əhəmiyyətli addımlardır".
O qeyd edib ki, TAP layihəsinə cəlb olunmuş üç ölkədə (Yunanıstan, Albaniya və İtaliya) işlərin gedişatı yaxından izlənilir.
"Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının ikinci iclasında bütün iştirakçı ölkələr və konsorsium bu vacib infrastruktur layihəsini vaxtında başa çatdırmaq üçün qətiyyətlərini təsdiq ediblər. Cənub Qaz Dəhlizinə daxil olan bütün layihələrdə ("Şahdəniz Mərhələ 2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və TAP) irəliləyişə nail olunub və Azərbaycan qazının 2019-cu ilə qədər Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması gözlənilir" -, Maroş Şefçoviç əlavə edib.
O, TAP-ın əhəmiyyətindən də danışaraq qeyd edib ki, TAP Avropa Birliyi üçün vacib layihədir. Onun sözlərinə görə, TAP-ın "Nabucco" və İTGİ-də çatışmayan güclü siyasi, eyni zamanda səhmdarlar tərəfindən dəstəyi var. Avropa Komissiyasının rəsmisi, həmçinin vurğulayıb ki, Komissiya səhmdarlarla yaxından əməkdaşlıq vədinə və layihənin vaxtında icrası üçün dəstəyinə sadiq qalır.