“FED-in qərarı manatın dəyərdən düşməsini sürətləndirəcək” İqtisadiyyat

“FED-in qərarı manatın dəyərdən düşməsini sürətləndirəcək”

Dekabrın 15-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən gözlənilən qərar verildi və FED uçot dərəcəsini 0,5-0,75% artırdı. Bəzi proqnozlara görə, bu qərar dünya maliyyə bazarlarına ciddi şəkildə təsir göstərəcək.
İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında FED-in qərarının dünya maliyyə bazarlarına təsirlərini şərh edib:
"Çoxdan bəri gözləntilər formalaşmışdı ki, uçot dərəcəsində 0,25 faiz artım olacaq. Hamını maraqlandıran FED-in 2017-ci illə bağlı rəsmi proqnozları idi. Əslində FED növbəti ildə faiz dərəcələrini 3 dəfə qaldıracağına dair sərt bəyanat verdi. Bu çox böyük artım deməkdir. Dollar indeksinin daha da bahalaşması, bütün valyutaların ABŞ puluna qarşı zəifləməsilə nəticələnə bilər ki, bu da dünya maliyyə sektorunda müəyyən dəyişikliklərə gətirib çıxaracaq".
N.Cəfərlinin sözlərinə görə, bu həm də xammal bazarında qiymət dəyişikliklərinə səbəb olacaq:
"Dollar bahalaşdıqca xammalın qiyməti ona paralel olaraq həmişə ucuzlaşıb. Xammala həm neft, həm əlvan metallar, həm də qızıl daxildir. Bir çox xammalın qiyməti birjalarda dollarla müəyyən olunduğundan dollar ekvivalentində qiymətlərin aşağı düşməsi prosesi ola bilər. Yəni əsas təsir dünya maliyyə bazarlarına, ikinci yan təsirləri isə xammal bazarlarına olacaq. Obrazlı desək, artıq ABŞ dolları öz "ev"inə dönməyə başlayacaq. Bir növ Amerikaya daha çox investisiya yatırımına səbəb olacaq. Çünki faiz dərəcələrinin yüksəlməsi investisiya gəlirliklərini də artıracaq".
Ekspert bildirib ki, proses Azərbaycana da təsirsiz ötüşməyəcək:
"Bunun ölkəmizə təsiri iki yöndən olacaq. Dünyada dolların bahalaşması istər-istəməz Azərbaycan manatına da təsir göstərəcək. Çünki bütün ticarət tərəfdaşlarımızın və qonşularımızın valyutalarında da ucuzlaşma olacaq. Manatın dəyərdən düşməsinin sürəti arta bilər. Kəskin, bir gecəlik devalvasiya olması ehtimalı çox aşağıdır, amma həftəlik və günlük məzənnə dəyişikliyinin sürəti arta, bu minvalla da manat tədricən ucuzlaşmaya məruz qala bilər. Qərarın ikinci tərəfdən də təsiri neft qiymətlərilə bağlıdır. Baha dollar daha ucuz neft deməkdir ki, bu da ölkənin gəlirlərinin azalmasına səbəbə ola bilər".