“Bu qanun korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər” Gündəm

“Bu qanun korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər”

Qüdrət Həsənquliyev: “Əgər kompleks islahatlar həyata keçiriləcəksə, bu, son dərəcə mühüm və əhəmiyyətli bir qanun layihəsidir”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev "Unikal"a müsahibə verib. O, yeni hazırlanan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsinin əhəmiyyətindən, korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumu həlak olarsa, ödənilənəcək məbləğin azlığından və digər məsələdən danışıb.
- Qüdrət bəy, yeni "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsi hazırlanıb. Layihə komitələrin birgə iclasında da müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. İlk əvvəl ondan başlayaq ki, bu qanun layihəsinin əhəmiyyətini və təsir imkanlarını necə qiymətləndirirsiz?
- İnkişaf etmiş Qərb ölkələrində belə qanunlar qüvvədədir və bu korrupsiyaya qarşı mübarizədə effektiv rol oynayır. O baxımdan hesab edirəm ki, Azərbaycanda da bu qanunun qəbul olunması mütərəqqi bir haldır və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər.
- Məlum olduğu kimi, məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi nəzərdə tutulub. Belə ki, korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. Həmçinin, korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumu həlak olsa, ailəsinə 20 min manat ödəniləcək. Siz komitə iclasında bu məbləğin 150 min manat olmasını təklif etdiniz. Sizcə, bu məbləğin artırılması mümkün ola bilərmi?
- Əlbəttə, mükafatın məbləğini biraz artırmaq da olar, amma burada söhbət təkcə həvəsləndirmədən getmir, həm də həmin şəxslərin müdafiəsinin təşkil olunmasından, konfidensiallığın qorunmasından gedir ki, bu məlumatı verənlərin kimliyi gizli saxlanılsın. Əgər onun özü bu barədə hər hansı bir açıqlama verilməsini istəmirsə, bu da onu təqiblərdən qoruya bilər, o cümlədən həmin şəxslərə xəsarət yetirilməsinin, yaxud həyatlarına qəsd olunmasının qarşısını ala bilər. Bu baxımdan komitə iclasında da söylədim ki, Amerika Birləşmiş Ştatlarında dövlətə qaytarılacaq vəsaitin 10 faizindən 30 faizinə qədəri bu məlumatı verən şəxslərə ödənilir və bu zaman nəzərə alınır ki, həmin şəxsin verdiyi məlumatın əhəmiyyəti nə qədərdir, həmin şəxs özü o cinayətin iştirakçısı olub, yoxsa olmayıb. İştirakçısı olubsa, onun orada rolu nədən ibarət olub, yaxud hansı vaxtdan sonra bu cinayət barədə məlumat verib. Yaxud o ifşa olunmaq qorxusu qarşısında qalıb bu barədə müvafiq dövlət orqanlarına məlumat verib. Bütün bu faktlar hamısı nəzərə alınmalıdır. Əgər cinayət haqqında məlumat verən şəxsin həyatına qəsd olunursa və o həyatını itirirsə, əlbəttə 20 min manat kompensasiya çox az bir məbləğdir. Burada insan həyatından, məlumat verən şəxsin ailəsindən, əgər uşaqları varsa, uşaqlarından söhbət gedir. Ona görə də mən söyləmişdim ki, bu məbləğin 150 minə qədər artırılmasından söhbət getməlidir. Yəni, 20 min manata görə kimsə öz həyatı ilə risk etməz, xüsusilə də əgər böyük məbləğdə korrupsiya cinayətlərindən söhbət gedirsə və həmin korrupsiya cinayətlərində yüksək vəzifəli şəxslər iştirak edirsə, bu halda həqiqətən də 20 min manat olduqca kiçik bir məbləğdir və hesab edirəm ki, bu məbləğ artırılmalıdır.
- Digər bir məsələ isə odur ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlara 20 iş günü ərzində baxılacaq. Məlumata baxılması üçün 20 gün müddəti çoxdur, yoxsa araşdırılması üçün bu qədər müddətin olması zəruridir?
- Burada söhbət 20 gün ərzində ilkin araşdırmadan gedir və hesab edirəm ki, 20 gün kifayət qədər böyük bir müddətdir. Digər tərəfdən korrupsiya cinayəti haqqında məlumat verən şəxs müəyyən faktlar təqdim etməlidir, yəni, özünün ehtimallarını irəli sürməməlidir. Bu halda da ortada faktlar varsa, onun yoxlanması çox asandır. Onun üçün mən düşünürəm ki, ilkin 20 gün müddət yetərlidir. Əlbəttə yetərli olmasa, bu müddət artırıla da bilər, amma ilkin araşdırma üçün bu zamanı yetərli sayıram. Önəmli olan odur ki, həm də bu qanunun qəbulu ilə yanaşı digər institusional islahatlar həyata keçirilməlidir. Burada büdcə vəsaitlərinin xərclənməsi ilə əlaqədar olaraq ictimai nəzarət, ciddi parlament nəzarəti olmalıdır. Məhkəmə hakimiyyəti gücləndirilməlidir. Əgər məhkəmə hakimiyyəti güclü deyilsə, o halda bu məlumatların da əhəmiyyəti olmayacaq və əslində məlumat verən şəxslər özü gələcəkdə ciddi problemlərlə üz-üzə qala bilərlər. Əgər kompleks islahatlar həyata keçiriləcəksə, bu, son dərəcə mühüm və əhəmiyyətli bir qanun layihəsidir.