“Məktəb dini məbəd deyil” Cəmiyyət

“Məktəb dini məbəd deyil”

“Vahid məktəbli geyiminin tətbiqi, fikrimcə, hərtərəfli düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta mən deyirəm ki, vaxtı keçmiş qərardır. Çünki bu qərar doğrudan da çoxdan verilməli idi”.

Bunu xalqcebhesi.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

B.Vəziroğlu vurğulayıb ki, Azərbaycan çox etnik qruplarla, dini baxışlarla, milli mentalitetlə zəngin olan böyük-kiçik xalqların yaşadığı azad bir məmləkətdir: “Yəni burada insanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Bu, tarixən belə olub, belə də olacaq. Çünki məktəb dini məbəd deyil, məktəb təhsil məbədidir. İnsanlara işıq, ziya verən bir məbəddir və Azərbaycanda yaşayan hər kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz. Bu böyük azadlıq məktəb divarları arasında o təhsil məbədinin öz konkret azadlıqları çərçivəsində olmalıdır”.

O bildirib ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, hətta çinqaçquklar da yaşayır: “Çinqaçquklar bəyəm məktəbə dəbilqə ilə, əlində nizə və ya əncir yarpağı ilə örtülü gəlməlidirlər? Əlbəttə ki, bu, gülməlidir. Bir daha təkrar edirəm, məktəb elm, təhsil, ziya, işıq məbədidir və bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və anlayışla qarşılamalıdır. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də o məbədə ayaq basan hər kəsə aid olmalıdır”.

Röya İsrafilova