Təranə Muradova: “Məktəb ilk növbədə elm və bilik məkanıdır” Gündəm

Təranə Muradova: “Məktəb ilk növbədə elm və bilik məkanıdır”

“Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, müxtəlif dinlərə və inanclara hörmətlə yanaşan tolerant ölkədir”.

Bunu Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova məktəblərdə dünyəvilik və vahid məktəbli geyimi məsələsi ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən zaman söyləyib.

O qeyd edib ki, biz müxtəlif dinlərə və inanclara hörmətlə yanaşan tolerant bir ölkədə yaşayırıq: “Mən hesab edirəm ki, bu, bizim cəmiyyətimizin gözəl xüsusiyyətlərindən biridir. Hər kəsin öz düşüncəsi, öz seçimi var və bir-birimizə hörmətlə yanaşmalıyıq. Məktəb ilk növbədə elm və bilik məkanıdır. Vahid məktəbli geyimi səliqə-sahmanın və məktəb mühitinin formalaşmasına kömək edir. Məktəblərdə geyim məsələsi dini mübahisə predmetinə çevrilməməlidir. Əsas diqqət uşaqların təhsilinə və tərbiyəsinə yönəldilməlidir”.

O, xüsusilə qızların təhsil almasının, savadlı olmasının, gələcəkdə öz peşəsini seçərək həyatda öz yerini tapmasının vacibliyini qeyd edib: “Biz böyüklər çalışmalıyıq ki, uşaqlarımıza həm milli dəyərlərimizi aşılayaq, həm də müasir biliklər qazanmalarına şərait yaradaq. Məncə, ən böyük məsuliyyətimiz budur: uşaqlarımızı bir-birinə hörmət edən, savadlı, tərbiyəli və gələcəyə inamla baxan insanlar kimi yetişdirmək”.

Günel Elxan