17:51
434
“Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin xarici siyasətində Mərkəzi Asiya istiqamətinin nə qədər mühüm yer tutduğunu bir daha ortaya qoydu. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv kimi iştirakı təkcə diplomatik uğur deyil, həm də regionda formalaşan yeni siyasi və iqtisadi münasibətlər sistemində ölkəmizin artan nüfuzunun göstəricisidir”.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Alim Nəsirov söyləyib.
A.Nəsirov bildirib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün sadəcə qonşu regionda yerləşən tərəfdaş deyil, onların beynəlxalq bazarlara çıxışında, iqtisadi əlaqələrinin genişlənməsində və strateji layihələrinin reallaşmasında mühüm rol oynayan dövlətdir: “Xüsusilə son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, birgə investisiya fondlarının yaradılması və ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması münasibətlərin artıq konkret nəticələr verdiyini göstərir. Digər tərəfdən, Mərkəzi Asiya dövlətlərinin Qarabağın bərpasında iştirakı bu əməkdaşlığın yalnız iqtisadi maraqlara əsaslanmadığını, xalqlar arasında tarixi dostluq və mənəvi bağlılıq üzərində qurulduğunu təsdiqləyir. Bu əməkdaşlığın ən mühüm tərəflərindən biri Azərbaycanın Avrasiya məkanında nəqliyyat və enerji əlaqələrinin inkişafında getdikcə daha böyük rol oynamasıdır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Mərkəzi Asiya dövlətlərinin Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxışını daha da aktuallaşdırır”.
O vurğulayıb ki, burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan yalnız mövcud coğrafi üstünlüklərindən istifadə etmir, eyni zamanda, limanlara, dəmir yollarına, logistika infrastrukturuna və rəqəmsal kommunikasiya layihələrinə sərmayə yatırmaqla yeni imkanlar yaradır: “Energetika sahəsində Qazaxıstan və Türkmənistanla əməkdaşlıq, eləcə də yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan addımlar bu tərəfdaşlığın gələcək perspektivlərini daha da genişləndirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin regional sabitlik və təhlükəsizlik məsələlərini ön plana çəkməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərində yalnız iqtisadi mənfəəti deyil, uzunmüddətli siyasi etimadı, ortaq təhlükəsizliyi və davamlı inkişafı əsas götürür. Bu siyasət nəticə etibarilə ölkəmizin həm türk dünyasında, həm də daha geniş Avrasiya məkanında strateji mövqelərinin möhkəmlənməsinə xidmət edir”.
Röya İsrafilova