
Dost Partiyasının sədr müavini vəzifəsinə təyin edilən Serkan Torun ona göstərilən etimada görə partiyanın sədri Rıdvan Eşinə təşəkkür edərək, “Bütün rəhbərliyimiz, təşkilatlarımız və üzvlərimizlə xalqımızın etimadını qazanmaq və hakimiyyətə gəlmək məqsədilə yola çıxmışıq” – deyə bildirib.
Dost Partiyasında sədr müavini vəzifəsini üzərinə götürən Serkan Torun yeni vəzifəsi ilə bağlı açıqlamasında birlik, məsuliyyət və xidmətə diqqət çəkib. S.Torun onu bu vəzifəyə layiq görən partiya sədri Rıdvan Eşinə təşəkkür edərək deyib:
“Şəxsimə göstərdiyi güvən və mənə həvalə etdiyi sədr müavini vəzifəsinə görə dəyərli sədrimiz cənab Rıdvan Eşinə ürəkdən təşəkkür edirəm. Onunla eyni yolda addımlamaqdan, ölkəmizin gələcəyi naminə birlikdə çalışmaqdan şərəf duyuram. Bu vəzifəni böyük məsuliyyət kimi qəbul edirəm. Mənə göstərilən etimadın qarşılığını zəhmətim, səmimiyyətim və qətiyyətimlə doğrultmaq üçün çalışacağam”.
Dost Partiyasının fəaliyyətinin birinci ilini başa vurduğunu və Türkiyə üzrə 42 təşkilat yaratdığını bildirən S.Torun təşkilatlanma işlərinin vətəndaşlarla möhkəm əlaqə qurmaq məqsədi daşıdığını deyib.
“Biz hər bir təşkilatımızı vətəndaşlarımızın rahatlıqla qapısını döyə biləcəyi, dərdini danışa biləcəyi və onu dinləyən insanlarla görüşə biləcəyi bir ünvan kimi görürük. Sədrimizin rəhbərliyi ilə bütün rəhbərliyimiz və üzvlərimiz bu yanaşmanı Türkiyənin dörd bir tərəfinə yaymaq istəyirik. Gücümüzü xalqımızla quracağımız etimad münasibətindən alacağıq”.
Dost Partiyasının qarşıdakı seçkilərə iqtidar hədəfi ilə hazırlaşdığını vurğulayan S.Torun bu hədəfin ciddi çalışma və güclü komanda tələb etdiyini bildirib:
“Türkiyənin problemlərinə həll yolları təklif etmək, məsuliyyət daşımaq və xalqımızın dəstəyi ilə ölkəmizi idarə etmək istəyirik. Bunun üçün təşkilatlarımızla sahədə olacağıq; fermerlərimizi, sənayeçilərimizi, esnaflarımızı, fəhlələrimizi, təqaüdçülərimizi və gənclərimizi dinləyəcəyik. Vətəndaşlarımızın gözləntilərini fəaliyyətimizin mərkəzinə qoyacağıq. Hakimiyyətə gəlmək hədəfimizin təməlində ölkəmizə xidmət etmək əzmi dayanır”.
Türkiyənin yeni nəfəsə, yeni ümidə və yeni dosta ehtiyacı olduğunu bildirən S.Torun açıqlamasını birlik çağırışı ilə yekunlaşdırıb:
“İnsanlarımız başa düşülmək, səslərinin eşidilməsini və gələcəyə inamla baxa bilməyi istəyirlər. Biz də bütün rəhbərliyimiz, təşkilatlarımız və üzvlərimizlə bu etimadı qazanmaq üçün çalışacağıq. Sədrimiz cənab Rıdvan Eşinin rəhbərliyi ilə insanların bir-birini dinlədiyi və ortaq gələcəyinə sahib çıxdığı Türkiyə naminə zəhmət çəkəcəyik.
Bu ölkənin insanlarına deyəcəyimiz söz aydındır: Ümidini itirmə, dostun səninlədir. Gəlin, ölkəmizin sabahını birlikdə quraq”.