Hərraca 72 dövlət əmlakı çıxarılıb İqtisadiyyat

Hərraca 72 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2017-ci il yanvarın 17-də keçiriləcək yeni hərraca, ümumilikdə 72 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir. Komitədən bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Şəki, Şəmkir, Goranboy, Şirvan, Zaqatala, Hacıqabul, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən və 60011 kvadratmetr torpaq sahəsi olan yardımçı təsərrüfata təyin olunub. Bu əmlak 1 milyon 85 min manata təklif olunur. Nərimanov rayonunda yerləşən 7 saylı mağazaya 650 min manat, Şəki Barama Toxumu zavodu 485 min manat, Sumqayıtda yerləşən "Dalğa" kiçik müəssisəsi isə 306 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Şəmkir Balıq zavodu, mağazalar, yanacaqdoldurma məntəqələri, anbar sahələri, tikiş fabriki və texniklər evi kimi əmlaklar var.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətlər sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və digər sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında "Bərdə Mexaniki Təmir", "Gəncə Sənaye Tikinti", "Kürdəmir Quşçuluq", "Salyan İnşaat Xidmət", "Azərmetalinvest", "Oğuz Kəndkimya" kimi müəssisələr var. Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün "privatization.az" portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma "Özəlləşdirmə portalı" ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin "facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi və "privatization.az" səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin "Özəlləşdirmə portalı"nda onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Xatırladaq ki, istənilən şəxs və ya media nümayəndəsi hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.