Bu il sahibkarlara 190 milyon manat kredit verilib İqtisadiyyat

Bu il sahibkarlara 190 milyon manat kredit verilib

İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dekabrın 28-də Xırdalan şəhərində keçirdiyi ilin sonuncu işgüzar forumunda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ayrılan kreditlər, əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq. Bu kreditlərin reallaşdırılması nəticəsində 180-dən çox yeni iş yeri açılacaq.
Yüz əlliyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bu investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun 2016-cı il ərzində fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına məlumat verib. Bildirib ki, bu il 2 min 500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8 min 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Verilən kreditlərin 82,3 faizi aqrar sektorun, 17,7 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış "yaşıl market", çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və sair sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Tədbir çərçivəsində güzəştli kredit ayrılan Xırdalanda hava kompressorları istehsalı zavoduna, ət kəsimi və emalı müəssisəsinə baxış keçirilib.