Güclü külək səbəbindən 204 işçi estakadalardan təxliyə olunub İqtisadiyyat

Güclü külək səbəbindən 204 işçi estakadalardan təxliyə olunub

Hava şəraiti ilə əlaqədar "Azneft" İstehsalat Birliyi tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Birlikdən bildirilib ki, aprelin 24-də və 25-də açıq dənizdə küləyin sürətinin arabir 34 metr/saniyə (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə "Azneft" İB tərəfindən dəniz neft və qazçıxarma idarələrinin bütün sahələrinə telefonoqrama göndərilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması tapşırılıb. İdarə aparatında və sahələrdə növbətçilik təşkil olunub. Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq, estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.