Nəzarətə götürülən banklar yaxın vaxtda kapitallaşacaq İqtisadiyyat

Nəzarətə götürülən banklar yaxın vaxtda kapitallaşacaq

"Kapital çatışmazlığı ilə üzləşən və nəzarətə götürülən 5 bank kiçik banklardır". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. "Həmin banklardan birinin adını çəkə bilərəm ki, bu da "AtaBank" idi. Həmin bank artıq konsolidasiya prosesinə başlayıb və bizim qiymətləndirmələrimiz göstərir ki, birləşmə nəticəsində yaranacaq bankın kapitalı 85 mln. manat, adekvatlıq əmsalı isə təxminən 40% olacaq, bu isə bizim normalarımıza tam uyğundur. Bilirsiniz ki, "AtaBank"ın kapitalla bağlı problemi var idi, hətta müştərilər şikayət edərək bildirirdilər ki, ödənişlərdə müəyyən ləngimələr var. Lakin bütün bu problemlər aradan qalxdı. Digər banklar isə kiçik banklardır. Onların aktivlərinin ümumi bank sistemindəki xüsusi çəkisi 5%-dir. Ümid edirəm ki, yaxın 1 ay ərzində biz bu bankların da müvafiq qaydada kapitallaşmasını görəcəyik. Müddətlərin bir qədər ləngiməsinin əsas səbəbi kimi səhmdarların sırasında xarici investorlar olması və kapitalın bərpası planının müəyyən daxili prosedurlar tələb etməsindən irəli gəlir", - deyə R.Aslanlı bildirib.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb. "Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank "watch list"ə daxil edilib və onlar nəzarət altındadır. Bu bankların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Bu proseslər bank sektorunda müəyyən stabilləşmənin yaranmasına səbəb olub. Biz ötən ildən etibarən bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik. Artıq problemli kreditlər yaranmır, mövcud portfel qocalır", - deyə o qeyd edib.