Bu il sahibkarlara 72 mln. manat güzəştli kredit verilib İqtisadiyyat

Bu il sahibkarlara 72 mln. manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum bu gün Qusar rayonunun Aşağı İmamqulu kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nın icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu il ərzində 1056 sahibkarlıq subyektinin ümumi dəyəri 267 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 72,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 40-a yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 186,5 mln. manat güzəştli kredit (bu kreditlər də daxil olmaqla) verilib. Qeyd edək ki, SKMF tərəfindən indiyədək 1300-dən çox sahibkarın bağçılıq təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə 73 mln. manat güzəştli kredit verilib.