Cocuq Mərcanlı adı ilə məhsullar dünyaya ixrac olunacaq İqtisadiyyat

Cocuq Mərcanlı adı ilə məhsullar dünyaya ixrac olunacaq

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azerbaycan Türkiyə Sənayeci və İşadamları İçtimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb.
Komitədən verilən məlumata görə, Baş nazirin müavini Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanında olduğunu deyən Komitə Sədri onların bu təşəbbüslərini yüksək dəyərləndirib və nümayəndə heyətinə minnətdarlığını bildirib.
Azərbaycan Türkiyə Sənayeci və İşadamları İçtimai Birliyinin sədri Ali İhsan Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib və bildirib ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər.
Ali İhsan Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır. Eyni zamanda burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununlada həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı siyasi əhəmiyyəti də rol oynayacaq.
Diqqətə çatdırılıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır.Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək labaratoriyalara göndərilibdir.