Yarmarkada satışa 150 ton bal çıxarılacaq İqtisadiyyat

Yarmarkada satışa 150 ton bal çıxarılacaq

Oktyabrın 5-dən 28-dək Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov deyib. Onun sözlərinə görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub: "Bundan 5 ton çərçivə halındadır. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub".
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda 271.682 arı ailəsi var: "Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581)".
A.Ömərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi hər il yarmarkanın təşkilati və məhsulların keyfiyyəti məsələləri üçün cavabdehlik daşıyırdı. Bu il isə nazirlik yarmarkanın yalnız təşkilati məsələlərinə görə cavabdehlik daşıyır. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, bu il bal istehsalı ötən ilə nisbətən az olduğundan qiymətlər ötən ildən fərqlənəcək. B.Həsrətov ötən il 1 kq balın orta qiyməti 20 manat olduğu halda, bu il orta qiymətin 20-25 manat olacağını söyləyib. O, arıçıların qiymətin müəyyən edilməsində sərbəst olduğunu da açıqlayıb.