BP ictimaiyyətlə görüş keçirəcək İqtisadiyyat

BP ictimaiyyətlə görüş keçirəcək

Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində "Mərkəzi-Şərqi Azəri" layihəsinin (yeni platforma) ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı ilə əlaqədar ictimaiyyətlə görüş keçiriləcək. "BP Azerbaijan" şirkətindən bildirilib ki, görüş oktyabrın 31-də saat 10:00-dan 13:00-dək "Holiday Inn" mehmanxanasında keçiriləcək. Layihənin operatoru olan BP nəzərdə tutulan layihə üzrə ƏMSSTQ sənədini müzakirə etmək üçün bütün maraqlı tərəfləri bu açıq görüşdə iştirak etməyə dəvət edir. Görüşdə BP tərəfindən təqdimatlar keçiriləcək, auditoriya üçün suallar verməyə və şərhlər bildirməyə imkan yaradılacaq.
Sentyabrın 11-dən etibarən layihə üzrə ƏMSSTQ sənədlərinin nüsxələri və rəy formaları ictimaiyyətin tanış olması üçün BP-nin Bakıda yerləşən Xəzər Mərkəzi ofisinin qəbul şöbəsində (Neftçilər prospekti, 153), Ümid qəsəbəsindəki 294 nömrəli və 7 nömrəli orta məktəblərdə, Səngəçal qəsəbəsində yerləşən dövlət kitabxanasında (Qaradağ rayonu, M.Ə.Sabir küçəsi, 1, 5 nömrəli mərkəzi kitabxanada), Sahil qəsəbəsindəki dövlət kitabxanasında (E.Quliyev küçəsi, 2 nömrəli mərkəzi kitabxana), M.F.Axundov adına Milli Kitabxanada (Xaqani küçəsi, 29), Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, (Hüseyn Cavid küçəsi, 31), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanasında (Azadlıq prospekti 20), Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B.Ağayev küçəsi, 100a) yerləşdirilib. Bundan əlavə, Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi BP-nin veb-səhifəsində (www.bp.com/caspian) yerləşdirilib.