BP-də işləyən azərbaycanlıların sayı 90 faizə çatıb İqtisadiyyat

BP-də işləyən azərbaycanlıların sayı 90 faizə çatıb

BP şirkəti Azərbaycanın neft-qaz sənayesində Milliləşdirmə Proqramının həyata keçirilməsi üzrə mühüm nəticələrə imza atıb. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.
Qeri Cons bildirib ki, BP 26 il əvvəl Azərbaycanda fəaliyyətə başlayıb və ölkənin bütün enerji layihələrində iştirak etməkdən qürur duyur.
Qeri Cons qeyd edib ki, proqramın icra olunduğu 5 il müddətində BP-də işləyən azərbaycanlıların sayı 90 faizə çatıb: "Biz Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarla birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik".
Regional prezident deyib ki, şirkətdə yüksək vəzifə tutan azərbaycanlıların sayı bu müddət ərzində 37 faizdən 62 faizə qədər çoxalıb, qadınların sayı isə iki dəfə artıb:
"BP Azərbaycan" şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58%, 2013-cü ildə 77%, 2017-ci ildə 89%, 2018-ci ilin sonuna isə 90% təşkil edir. BP-nin tərkibində Azərbaycanın dəniz və qurudakı yataqlarında işləyən 1150 milli mütəxəssis çalışır, onlardan 350 yüksək vəzifəli rəhbər işçi, 510 orta vəzifəli rəhbər işçi, 500 qadın milli kadr, 200 qadın yüksək və orta vəzifəli rəhbər işçi kimi fəaliyyət göstərir".
Azərbaycanın neft və qaz sənayesinin ən böyük yeni layihəsi olan "Şahdəniz-2"-nin hazırkı mərhələsi üzrə milliləşdirmə hədəfinin mühəndis texniki işçilər üçün 30-50%, fəhlə heyəti üçün 70% olmasına baxmayaraq, qeyd olunan layihə çərçivəsində ümumi işçi heyətinin 91%-i yerli kadrlardan komplektləşdirilib.
Xatırladaq ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, 14 noyabr 2013-cü il tarixində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrinin operatoru olan BP şirkəti ilə SOCAR arasında 5 illik (2014-2018) "Milliləşdirmə sahəsində əməkdaşlığa dair" protokol, daha sonra milliləşdirmə istiqamətində işlərin daha səmərəli aparılması üçün 11 fevral 2014-cü il tarixində SOCAR və ƏƏSMN arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.