Azərbaycan dövləti sosial dövlətdir və vətəndaşın qayğılarına biganə qala bilməz İqtisadiyyat

Azərbaycan dövləti sosial dövlətdir və vətəndaşın qayğılarına biganə qala bilməz

Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılan İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.
Bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb.

Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır.
Milli Məclisinin deputatı Məzahir Əfəndiyev "Xalq cəbhəsi" qəzetinə açıqlamasında bildirdi ki, istər fərdi, istərsə də institusional səviyyələrdə hansısa bir yanaşmanı daha dərindən və yaxşı anlaya bilmək üçün onu baş verdiyi konteksə mütəşəkkil şəkildə təhlil etmək tələb olunur. Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüzlərlə qərarlar qəbul edilir və tədbirlər görülür. Bu tədbirlərin səmərəliyin proqnozlaşdırıla bilinməsi üçün onların arxa fonundakı vizyona nəzər yetirmək lazımdır. Bu məcrada, bu mübarizəyə Azərbaycan Respublikasının hökümətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı: “İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Hazırlanmış proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əmək haqqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır. Nəticə etibarilə, həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırki “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahının və həyat səviyyəsinin qorunması təmin ediləcəkdir.
Lakin, burada diqqətəlayiq əsas məqam ondan ibarətdir ki, qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmayaraq, dövlətimiz özünün əsas, dayanıqlılığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərmir, əksinə fürsətdən maksimum şəkildə istifadə edərək daha da səmərəliyi artırır. Buna bariz nümunə kimi elə cənab Prezidentin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik vizyonunu vurğulamaq kifayətdir”.
Deputat qeyd eydi ki, hazırki vəziyyət bizi daha bir mühüm məsələdə əmin edir – cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında, ölkəmiz davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir. İnkişaf ədəbiyyatında səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır. Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan beş prinsipin hər birisini ölkəmizdə xüsusilə qabarıq şəkildə gördük. Bunun üçün sadəcə aşağıda sadalayacağım misallara diqqət yetirmək kifayətdir: “Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi - əhali qarşısında cavabdehliyin; cənab Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə göstərilməsi – şəffaflığın; bu mubarizəyə əhalinin və özəl sektorun qoşulması – iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimadın və məsuliyyətin; iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının hazırlanması isə hökümətin davamlı inkişafa öhdəçiliyinin bariz nümunəsidir. Xüsusilə, bu vəziyyətdə ən ümidverici aspektlərdən biri, bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır, bu isə 17-ci Davamlı İnkişaf Məqsədinin əsas çağırışı olan “məqsədlər üçün tərəfdaşlıq” çağırışa ölkəmizinin hazırlılığını göstərir”.
M.Əfəndiyevin sözlərinə görə, lakin, buda son deyil. Azərbaycanın davamlı inkişafa yönəlik idarəçilik modelinin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik: “Çeviklik, xüsusilə böhran zamanında, və əhatəlik, inkişaf terminologiyasına uyğunlaşdırsaq inklüzivlik prinsipi. Buna bariz nümunə kimi Cənab Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman ərzində belə sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi və onda əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar.
Beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, hazırki dövrdən əldə olunmuş nəticələr sayəsində, ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcəkdir”.
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevin fikrincə isə, dünyanın üz-üzə qaldığı bir nömrəli təhdid – koronavirus pandemiyası dövlətlər qarşısında iki mühüm problemin həlli vəzifəsini qoyub. Birincisi, vətəndaşların sağlamlığının qayğısına qalmaq, virus epidemiyasının genişlənməsinə imkan verməmək. İkincisi isə Covid-19-un törətdiyi iqtisadi fəlakətin dağıntıları ilə mübarizə aparmaq. Dövlətimiz hər iki təhlükənin öhdəsindən layiqincə gəlməyi bacarır. Virus meydana çıxan ilk gündən hökumətimiz operativ təcrid və qorunma tədbirləri, habelə epidemiyanın genişlənməsi təqdirində ehtiyac duyulacaq tibbi infrastrukturun təşkili işlərini həyata keçirməyə başladı. Hazırda isə pandemiyadan qaynaqlanan iqtisadi problemlərin həlli, dünya bazarlarındakı böhranın sıravi vətəndaşa və yerli biznesə vurduğu ziyanın neytrallaşdırılması, yaxud təsirlərinin azaldılması istiqamətində tədbirlərin görülməsinə başlanılır.
Millət vəkilinin sözlərinə görə, yerli sahibkarlara və nəticə etibarilə özəl sferada çalışan vətəndaşlarımıza dövlət dəstəyini mümkün edən ən vacib amil iqtisadiyyatımızın real zəmin üzərində qurulması, Azərbaycanın iqtisadi imkanlarının mövcudluğudur: “Hazırda dünyada çox sayda ölkələr var ki, ümumdünya iqtisadi tənəzzül prosesinin qarşısında aciz qalıblar”.
“Dövlət dəstəyinə dair 9 proqram hazırlanıb ki, bu sənədlər pandemiyadan zərər çəkmiş 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. “Bu proqramların həcmi 2,5 milyard manat təşkil edir. 2,5 milyard manat Azərbaycanın ÜDM-nin 3% -dir və nəinki regionda, həmçinin postsovet məkanındakı heç bir dövlətdə belə genişmiqyaslı dəstək paketi nəzərdə tutulmayıb” – deyə deputat vurğulayıb.
Millət vəkili bildirib ki, dünyanın aparıcı iqtisadiyyatlarına malik Qərb dövlətlərində hökumətlər vəziyyətdən çıxışa dair yollar axtardıqları bir vaxtda Azərbaycan qarşısında dura biləcək problemlərin çözümü istiqamətində real addımlar atır. “ABŞ-da, Avropada bu yoluxucu bəlanın hansı dinamika ilə artdığının şahidiyik. Ölkəmizdə isə şükürlər olsun ki, vaxtında atılmış addımlar hesabına pandemiyanın dağıdıcı fəsadlar törətməsinə imkan verilməyib. İtaliya, İspaniya kimi dövlətlər Avropa Birliyindən yardım paketləri gözləntisindədirlər, Azərbaycan isə öz daxili imkanları hesabına real iqtisadi tənzimləyici proqramlar həyata keçirməyə başlayır” – deyə E.Allahverdiyev vurğulayıb.
E.Allahverdiyevin sözlərinə görə, Azərbaycan dövləti sosial dövlətdir və vətəndaşın qayğılarına biganə qala bilməz: “Bu tədbirlər göstərir ki, indiyədək həyata keçirilən iqtisadi siyasət xalqın ehtiyacları üçün hesablanıb və fövqəladə hallarda yarana biləcək sıxıntılarla mübarizəyə qadirdir”.