Neft Fondunun investisiya portfeli İqtisadiyyat

Neft Fondunun investisiya portfeli

Cari il martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 33,16 faizi Avropa, 33,06 faizi Asiya-Sakit Okean ölkələri, 27,22 faizi Şimali Amerika, 1,09 faizi Avstraliya-Yeni Zelandiya, 0,74 faizi Yaxın Şərq, 0,05 faizi Cənubi Amerika və 4,68 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib. Bu barədə ARDNF-in 2020-ci ilin ilk 3 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 63,93 faizi inkişaf etmiş ölkələr, 31,39 faizi inkişaf etməkdə olan ölkələr və 4,68 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.
ARDNF cari ilin ilk rübündə 0,4 ton qızıl alıb. Fondun investisiya portfelində qızılın ümumi miqdarı 101,6 ton olub. Ötən ilin yekunlarına olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 101,2 ton idi. Beləliklə də, Neft Fondu bu ilin 3 ayında 0,4 ton qızıl alıb. Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 12,8 faizini, ABŞ dolları portfelinin isə 5 milyard 273,7 milyon dollarlıq hissəsi təşkil edir.
Dövlət Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 68,7 faizi istiqrazlar və pul bazarı alətləri, 12,4 faizi səhmlər, 6,1 faizi daşınmaz əmlak və 12,8 faizi (101,6 ton) isə qızıl təşkil edib.