Azərbaycanda və Türkiyədə toxumçuluq sektoru İqtisadiyyat

Azərbaycanda və Türkiyədə toxumçuluq sektoru

Sertifikatlaşdırma sistemləri, analizlərin aparılması haqqında təqdimatları olub

Tural

Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və toxumçuluq fəaliyyətinin Beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr edilmiş təlim seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirin məqsədi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirlikləri arasında yaradılmış Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin cari ilin 09-11 iyun tarixlərində Ankara şəhərində baş tutmuş 7-ci iclasının protokolundan irəli gələn məsələlərin müzakirəsi olub. Protokolda təsbit edilmiş müddəalarda Türkiyədə tətbiq olunan toxumun qeydiyyat və sertifikatlaşdırma sisteminə oxşar modelin ölkəmizdə tətbiqi, iki ölkə arasında toxumçuluqla bağlı normativ hüquqi aktların uyğunlaşdırılması prosesinin sürətləndirilməsi, Azərbaycanda kənd təsərrüfatı bitkiləri toxumçuluğunun Beynəlxalq Toxum Sınağı Assosiasiyası (İSTA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) standartlarına uyğunlaşdırılmasına köməklik göstərilməsi, toxumçuluq fəaliyyətlərinin və toxum bazarının inkişafına dair əməkdaşlıq edilməsi və bir sıra digər zəruri məsələlər öz əksini tapmışdır. Bu sahədə ekspert dəstəyinin göstərilməsi və tədbirdə iştirak etmək üçün Türkiyədən bitkiçilik məhsullarının istehsalı baş idarəsinin toxumçuluq üzrə dairə rəhbəri Veysəl Kolcu, Türkiyə Toxum Sertifikatlaşdırma Mərkəzinin mühəndisi Həvva Aydoğmuş, Avropa Birliyi Xarici Əlaqələr Baş İdarəsinin dairə rəhbəri Nur Yılmaz və Türkiyə Toxumçular Birliyinin təmsilçisi doktor Əli Üstün iştirak edib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının, Respublika Dövlət Toxum Müfəttişliyinin mütəxəsisləri, Aqrar Elm Mərkəzindən və onun struktur tabeliyində olan bitkiçilik istiqamətli ET Əkinçilik, ET Üzümçülük və Şərabçılıq, ET Yemçilik, Çəmənçilik və Otlaqlar və ET Tərəvəzçilik İnstitutlarının toxumçuluq və tingçilik fəaliyyətləri ilə məşğul olan alim və mütəxəssisləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdir müavini İmran Cümşüdov, Respublika Dövlət Toxum Müfəttişliyinin rəis müavini Möhtəsim Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ET Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai ölkə üçün toxumçuluq sektorunun kənd təsərrüfatı məhsul istehsalındakı əhəmiyyətindən, seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil olan və rayonlaşmış bitki sortlarının toxumçuluğu, toxumçuluğa dövlət dəstəyi haqqında geniş və əhatəli məlumat verib. Tədbirin Proqramına uyğun olaraq Möhtəsim Əhmədov və Veysəl Kolcu müvafiq olaraq Azərbaycanda və Türkiyədə toxumçuluq sektoru və sertifikatlaşdırma sistemləri, Həvva Aydoğmuşun sertifikatlaşdırma məqsədilə laboratoriyaların texniki təchizatı və analizlərin aparılması haqqında təqdimatları olub.
Tədbirin ikinci günü Həvva Aydoğmuş İSTA akreditasiya sisteminin tətbiq edilməsi, Nur Yılmaz ümumi qiymətləndirmə və Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində imzalanan anlaşmalarla bağlı mövcud vəziyyətə və Türkiyədə özəl toxumçuluq sektorunun vəziyyətinə dair təqdimatlarla davam etdirilib. Qonaqlar tədbirin gedişində ET Əkinçilik İnstitutunun ilkin toxumçuluq və toxumun keyfiyyəti və digər laboratoriyaların fəaliyyətləri ilə yaxından tanış olublar. Tədbirin sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 7-ci iclasının protokolunda təsbit edilən toxumçuluq bölməsi üzrə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və bu formatda görüşlərin vaxtaşırı keçirilməsi məqsədəuyğun hesab edilib.