Mikayıl Cabbarov: “Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır” İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır”

Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında keçirilən işgüzar görüşdə deyib.
Mikayıl Cabbarov təşkil edilmiş tədbirin iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. İqtisadiyyat naziri vebinar iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadiyyatın liberallaşdırılması tədbirləri, əlverişli biznes və investisiya mühiti, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirakı ilə investisiya fəaliyyəti ilə bağlı hazırlanan yeni qanun layihəsi, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə ətraflı məlumat verib. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, enerji, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 65 Fransa şirkəti fəaliyyət göstərir.
Ölkələrimiz investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına həyata keçirilən və dəyəri 2,1 mlrd. dollar olan qeyri-neft layihələrində podratçı kimi də iştirak edirlər.
Hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. Buna görə də iqtisadiyyatın rəqəmsallaşması uzunmüddətli məqsəd kimi qarşıya qoyulub. İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır. Bu kontekstdə Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən MEDEF-in baş icraçı direktoru Filipp Qotye Azərbaycanda əlverişli biznes və investisiya mühitini, ölkəmizin cəlbedici turizm ölkəsi, bir sıra rəqabətqabiliyyətli məhsulların istehsalçısı olduğunu vurğulayıb, pandemiya ilə mübarizə və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikirlərini bölüşüb.
İclasda digər iştirakçılar pandemiya və neftin qiymətinin kəskin aşağı düşdüyü hazırkı şəraitdə iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsi, iqtisadi inkişafın davamlılığını təmin edə biləcək qeyri-neft layihələrinə, Fransa şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildiriblər. Vebinarda bank və maliyyə sektoru, kənd təsərrüfatı, İKT, innovasiyaların tətbiqi, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb.