İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müəyyənləşib İqtisadiyyat

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müəyyənləşib

Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib.

Qaydaya əsasən, özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

Həmçinin, özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

- özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

- əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

- özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

- seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında

verilməsi;

- özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

Qaydaya əsasən, özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsizkimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.

Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

Eyni zamanda özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər vəməlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri ( Mərkəz) tərəfindən verilir.

Qaydaya əsasən, məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, işaxtaran kimi qeydiyyata alınan zaman verilir.