“Hələ, ciddi təlaş keçirməyə ehtiyac yoxdur” İqtisadiyyat

“Hələ, ciddi təlaş keçirməyə ehtiyac yoxdur”

Pərviz Heydərov: "Ancaq tendensiyanın dərinə doğru inkişafı vəziyyəti dəyişə bilər"
"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair oktyabrın 8-də keçirilən iclasında dünya bazarlarında neftin qiymətinin enməsi ilə əlaqədar hökumətin büdcədə qiyməti düzgün müəyyən etməli olduğu haqda söylədiyi fikir bu məsələdə xüsusilə həssas olmağı tələb edirdi". Bu fikirləri iİqtisadçı ekspert Pərviz Heydərov səsələndirib.
Onun sözlərinə görə, dünya bazarlarında qiymətin enməkdə olması ixracının əsas hissəsini neft və neft məhsulları təşkil edən bir çox ölkələr kimi Azərbaycanı da narahat etməyə bilməz: "Təkcə xam neftin ölkəmizdən kənara ümumi ixracda payı 86 faiz təşkil edir. Düzdür, ucuzlaşma 3 aydır davam etsə də ölkəmizdə mövcud olan makroiqtisadi sabitliyə və maliyyə dayanaqlığına əsasən hələ, ciddi təlaş keçirməyə ehtiyac yoxdur. Ancaq tendensiyanın dərinə doğru inkişafı vəziyyəti şübhəsiz ki, dəyişə bilər. Yeri gəlmişkən, cari ilin büdcəsində neftin 1 barelinin qiymətinin 100 dollar səviyyəsində götürülməsi az rol oynamır. Bununla belə, ümumən 2014-cü ilin büdcəsinin icra vəziyyətinə nəzər salsaq sözügedən məhsulun dünya bazarlarındakı real qiymət səviyyəsi ehtiyatlı olmağı tövsiyə edirdi və ilin sonuna vəziyyət ciddiləşə də bilərdi. O səbəbdən ki, bu il büdcəyə yenidən baxılmadı. 2009-cu il istisna olmaqla hər il Milli Məclisin yaz sesiyasının sonuna yaxın büdcəyə yenidən baxılsa da keçən il olduğu kimi bu il də buna əməl edilmədi. Düzdür: əslində, bu, müsbət haldır. Ancaq narahatlıq doğuran o idi ki, dövlət büdcəmizdə neftin qiyməti 100 dollar götürüldüyündən müəyyən problemlər yarana bilərdi. Belə ki, qiymət indi deyil, 2-3 ay əvvəldən 100 dollardan aşağı düşsəydi vəziyyət qəlizləşəcəkdi. Çünki bu ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar risk sayılırdı. Və bu baxımdan, büdcədə neftin qiymətini aşağı salmaq tələb olunurdu".
O, həmçinin əlavə edib ki, ancaq dünya bazarlarındakı qiymət nəğd şəkildə 3 ay sonra ölkəyə daxil olduğundan və ucuzlaşmanın da qeyd etdiyimiz kimi cəmi 3 ay əvvəldən - ilin ikinci yarısından etibarən başlaması artıq, bu il üçün bunu təxirə saldı: "O da var ki, büdcədəki qiymət son illər ərzində Dövlət Neft Fondundan transfertlə əlaqədar ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hesablamaq çətindir. Neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil. O mənada ki, ən pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər. Digər tərəfdən, ölkədə maaş və pensiyaların artırılması da sabitdir. Demək istədiyimiz budur ki, hökumət bu istiqamətdə ehtiyatlı siyasət yürüdür. Ancaq iş ondadır ki, Neft Fondundan transfert olmasa büdcədən cari xərcləri ödəmək mümkün deyil. Bütün sosial xərclər bunun hesabına maliyyələşir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa qeyri-neftdən daxilolmalar cari xərcləri örtməyə imkan vermir. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edilir".
Ekspert bildirib ki, ona görə də həmişə bir təhlükə var ki, xərclər nə qədər ehtiyatla və düşünülmüş şəkildə həyata keçirilsə də "obyektiv dirəniş" səbəbindən bir gün sosial ödənişləri "qayçılamaq" zərurəti ortaya çıxa bılər: "Ona görə ki, dünya bazarlarında neftin qiymətinin enməsi Neft Fonduna daxilolmaları da azaldır. Ancaq təəssüf ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti bu ildəkindən cəmi 10 dollar aşağı – 90 dollar götürülüb. Bəs, növbəti ilin dövlət büdcəsində qiyməti əslində, hansı səviyyədə müəyyən etmək lazım idi? Fikrimizcə, neftin büdcədə qiyməti 90 deyil, 75-80 dollar səviyyəsində götürülsə yaxşı idi. Belə ki, risklərdən indidən sığortalanmaqdansa, növbəti ildəki vəziyyətə uyğun hərəkət etmək daha yaxşı olardı. Müqayisə üçün qeyd edək ki, Rusiyada 2015-ci ilin büdcəsində qeyd olunan rəqəm 100 dollara yaxın, Qazaxıstanda isə 95 civarında götürülüb...".

Əli