“Neftin ucuzlaşması qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir” İqtisadiyyat

“Neftin ucuzlaşması qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir”

Sevinc Həsənova: "Çalışmalıyıq ki, makroiqtisadi sabitliyi qoruyaq"

Son dövrlərdə dünya iqtisadiyyatının sürətli inteqrasiyası, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi Azərbaycanın da qarşısında çağırışlar qoyub.
Bu barədə Bakıda "The Economist" jurnalının təşkilatçılığı ilə keçirilən İnvestisiya Forumunda çıxışında iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.
"Dünya bazarında xam neftin qiymətinin keçən ilin sentyabrından 100 dollardan aşağı düşməsi, bu fonda dolların bahalaşması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutanın ucuzlaşması manata təzyiqi artırıb, uzun müddətdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumaq üçün qabaqlayıcı tədbirlərin görülməsini zəruri edib. Bu şəraitdə son illərdə görülmüş bütün işlərin, tədbirlərin əhəmiyyəti artıb.
Eyni zamanda qarşıya qoyulmuş prioritetlərin həyata keçirilməsinin sürətləndirilməsinin zərurəti artır ki, biz öz hədəflərimizə nail olaq, iqtisadiyyatımızın səmərəliliyini, rəqabətqabiliyyətini artıraq, Makroiqtisadi sabitliyi qoruyaq, qeyri-neft sektorunu inkişafını təmin edək".