Dünya neft bazarında qiymətlər enəcək İqtisadiyyat

Dünya neft bazarında qiymətlər enəcək

Birjalarda uzunmüddətli neft fyuçers kontraktlarının ucuzlaşması davam edir

Dünya bazarında neftin qiymətinin son bir ayda 20% artması əsasən Yəməndə baş verən hadisələrlə bağlıdır. Ümumiyyətlə, "Brent" markalı neftin qiyməti bu ilin yanvarın 11-nə 47,68 dollar/barel səviyyəsinə qədər azaldıqdan sonra 35%-ə yaxın artaraq hazırda bir barel üçün 65 dollara çatıb. Neftin qiymətində keçən ilin ortalarında başlayan azalma OPEC-in neft hasilatını azaltmaması və ABŞ-da şist neftinin istehsalının artması ilə bağlı olub.
"Report"un verdiyi xəbərə görə, istehsalçı ölkələrin neftin qiymətinin 100 dollar/barelə qədər yüksəlməsi istiqamətində olan ehtimallarına dünyanın aparıcı banklarından biri olan İngiltərənin "Barclays Bank" əks arqumentlərlə cavab verib.
Bankın ekspertlərinin sözlərinə görə, neftin qiymətinin yüksəlməməsi üçün 5 əsas səbəb var. Belə ki, qısamüddətli neft fyuçers kontraktlarının qiyməti artsa da, uzunmüddətli kontraktların qiymətində azalma davam edir. Belə ki, iki ay öncə 2019-cu ilin yanvarında çatdırılma şərti ilə bağlanan fyuçers kontraktlarında neftin qiyməti 68,32 dollar/barel idisə, hazırda qiymət 66,35 dollar/barelə düşüb. Bu da uzun müddətdə neftin qiymətinin düşməsi ehtimallarının yüksək olduğunu göstərir.
Digər tərəfdən, ABŞ-da artan neft ehtiyatlarının həcmi 500 mln. barelə çatıb. Bu, 1982-ci ildən sonra ən yüksək rəqəmdir.
Həmçinin ABŞ-da şist nefti istehsal edən şirkətlər minlərlə yeni quyular qazaraq hasilata başlamaq üçün bazarda qiymətlərin artmasını gözləyir. Belə ki, 3 ən iri hasilatçı şirkətin 3 400 hazır quyuya sahib olduğu bildirilir. Quyuların ümumi sayı isə 4 000-ə yaxındır.
Eyni zamanda bildirilir ki, Səudiyyə Ərəbistanının neft hasilatını azaltmamaq qərarı davam edir. Ötən ilin noyabr ayında dünya neft bazarında paylarını azaltmamaq qərarı verən bu ölkə, mart ayında tarixi maksimum səviyyəyə yaxın həcmdə neft hasil edib. Dünən, Səudiyyə Ərəbistanının şahzadəsi Əbdüləziz bin Salman neft bazarındakı vəziyyəti "əla" kimi qiymətləndirib.
Bununla yanaşı, istehsalçılar, treyderlər və neft bazarının digər iştirakçıları qiymətlərin artması istiqamətində olan fyuçers və opsiyon kontraktlarını satmağa başlayıb. Bu, onların gələcəkdə qiymət artımından qazanc əldə edə bilməyəcəklərinin göstəricisidir.