Bakıda QDİƏT PA-nın Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclası keçirilib İqtisadiyyat

Bakıda QDİƏT PA-nın Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclası keçirilib

Valeh Ələsgərov: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Avropa Şurası Parlament Assambleyası ilə müqayisədə yetərincə fəal deyil"

Dünən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclası başlayıb.
APA-nın məlumatına görə, açılış nitqi ilə çıxış edən Komissiyanın sədri Mixail Yemelyanov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. İclasın gündəliyi barədə məlumat verən Mixail Yemelyanov deyib ki, gündəliyə Komissiyanın yeni sədrinin seçilməsi barədə məsələ də daxil edilib.
Milli Məclisin rəhbərliyi adından çıxış edən vitse-spiker Valeh Ələsgərov deyib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan bütün ölkələrlə yüksək səviyyədə əlaqələri mövcuddur. Regionda həyata keçirilən Bakı-Supsa Neft Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri kimi layihələrin Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı nəticəsində gerçəkləşdiyini diqqətə çatdıran V.Ələsgərov qeyd edib ki, Azərbaycan hər bir ölkə ilə bərabərhüquqlu və səmərəli əməkdaşlığı vacib sayır: "Biz hazırda Azərbaycan qazını, gələcəkdə isə ümumiyyətlə, Xəzər hövzəsində hasil olunan təbii qazı Bakıdan İtaliyaya çatdıracaq böyük bir layihənin icrasına başlamışıq. Bu layihə 10 milyardlarla dollar sərmayə tələb edir. Bizim öncəki uğurlu əməkdaşlıqlarımız bu layihənin də uğurla başa çatacağına əminlik yaradır".
V. Ələsgərov 2015-ci ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyini, bunun sayəsində Pekindən Londona qədər yüklərin daşınmasına imkanı yaranacağını söyləyib: "Bu layihələrin həyata keçirilməsi istiqamətində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın da rolu var. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Avropa Şurası Parlament Assambleyası ilə müqayisədə yetərincə fəal deyil. Hesab edirəm ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının statusu, imkanları daha da genişləndirilərsə, üzv ölkələr arasında əməkdaşlığa daha da təkan verər".
Daha sonra Komissiyanın iclası mətbuat üçün qapalı davam etdirilib.