“Erməni idmançı döyüşdən qaçdı...” Müsahibə

“Erməni idmançı döyüşdən qaçdı...”

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, azərbaycanlı kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev 5 qat dünya çempionudur. O, keçirdiyi 41 döyüşün 38-də qalib gəlib, bunlardan 13-nü nokautla başa vurub.
Axar.az Kobra ləqəbli Pərviz Abdullayevlə müsahibəni təqdim edir:
Van Damın mənə təsiri oldu
– Bildiyimə görə, ixtisasınız tarixçidir. Adətən, idmançılar elmə yiyələnməyə meyilli olmurlar. Sizin bu ikitərəfli uğurunuzu necə izah etmək olar? İdmanla dərslər çətinlik yaratmırdı?
– Mənim oxumağa böyük həvəsim olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Əslində, Prezident Yanında İdarəçilik Akademiyasını istəyirdim, amma balım BDU-nun tarix fakültəsinə çatdı və orada da təhsil aldım. 11-ci sinifdə oxuyanda idmana ara verdim və dərslərimlə məşğul olmağa başladım. Ali məktəbə daxil olandan sonra isə yenidən məşqlərə davam etdim.
– İxtisasınız üzrə işləmisiniz?
– Xeyr, ixtisasım üzrə işləmədim. Amma diplomumdan istifadə etmişəm, Fövqəladə Hallar Nazirliyində çalışıram.
– Niyə idman sahəsinin məhz bu növünü seçdiniz?
– Yox, bir gün güləşlə də məşğul olmuşam (gülür). 90-cı illərdə Van Dam, başqa filmlər təsir etdi və idmançı olmaq istədim. İdmana kunq-fu ilə başlamışam. 2006-cı ildə kikboksinqlə maraqlandım və 2007-ci ildən bu idman növü ilə professional şəkildə məşğul olmağa başlayanda uğurlarım ard-arda gəldi.
Konfrans zamanı dalaşdıq...
– Kobra ləqəbinin Silvester Stalonenin "Kobra"sı ilə bir əlaqəsi varmı?
– Əlbəttə, var. D8 layihəsi vardı. ANS telekanalında efirə gedirdi. O yarışdan əvvəl bizə dedilər ki, iştirak edəcək idmançılar özünə ləqəb seçsin. Mən də Silvester Stalonenin filmindən təsirlənib bu ləqəbi seçdim. Amma kobranı heyvan kimi də bəyənirəm – cəldliyinə, geri çəkilməməyinə görə.
– Nə vaxtsa rinqdə məğlub etdiyiniz idmançı ilə yarışdan sonra aranızda konflikt yaranıbmı?
– Yox, rinqdən sonra heç kimlə dalaşmamışam. Amma bir dəfə dünya kəməri uğrunda döyüşlərdən birində mətbuat konfransında rəqibimlə dalaşdıq. Mətbuat konfransı zamanı Vitali Sarokovla sözləşdik. Məndən müsahibə götürürdülər. Dedim ki, inanıram, qalib gələcəm, ondan güclü rəqiblərə də qalib gəlmişəm. O mənim bu sözümdən əsəbiləşdi və sözləşdik. "Baxarıq rinqdə", - dedi. Sonra dava düşdü, bizi ayırdılar. Təbii ki, həmin idmançıya da qalib gəldim.
– Kobra mütaliə edirmi? Kitablarla aranız necədir?
– Əvvəl oxuyurdum. Tarixi, ədəbiyyat və başqa kitabları mütaliə edirdim, amma bu aralar vaxtım yoxdur.
– Yəqin ki, kumiriniz var...
– Mayk Tayson.
Erməni idmançı döyüşdən qaçdı
– "Kunlun Fight Series" turnirindən gözləntiləriniz nədir?
– Bu mənim "Kunlun"dakı dördüncü döyüşümdü. Bunlardan üçündə qalib gəlmişəm, indi dördüncüyə hazırlaşıram. Yaxşı hazırlaşıram, yəqin ki, qələbə üçün gedirəm. Son 4 görüşümü nokautla bitirmişəm. İnşallah, burda da qələbə qazanacağıma inanıram. Bu, 42-ci peşəkar döyüşüm olacaq, 38 qələbəm var, 13 nokautum.
– İdmandan əlavə maraqlarınız var?
– Futbol oynamağı çox sevirəm, amma futbol da idmandır. (gülür)
– Ən yaddaqalan qələbəniz hansı olub?
– Bütün qələbələrim mənim üçün böyük əhəmiyyət kəsb edir. Dünya kəməri uğrunda döyüşlərim hamısı maraqlı və önəmli olub. 2011-ci ildə bu döyüşlərdən birinə çox prinsipial yanaşırdım. Çünki orda bir çox xalqlar, o cümlədən, ermənilər var idi. Bu səbəbdən oradakı qələbəm məni çox sevindirdi.
– Erməni döyüşçü ilə rinqə çıxmısınız?
– Yox. Axırıncı dəfə Rumıniyada erməni ilə döyüşəcəkdik, oyuna 10 gün qalmış rinqə çıxmaqdan imtina etdi.
– Niyə?
– Çünki başa düşdü ki, artıq nokauta doğru gəlir. (gülür )
– İdmanı birdəfəlik tərk etmək haqda düşünürsünüz?
– Bəli, fikrim var. Bilirsiniz, hər şeyin öz vaxtı var. Peşəkar idmanı 33 yaşa qədər davam etdirmək, sonra isə bitirmək fikrim var. Vaxtında bitirmək daha yaxşıdır.