“Görüləcək işlər çoxdur” Müsahibə

“Görüləcək işlər çoxdur”

Səfir: "Separatçılıqla mübarizədə Azərbaycanla Moldova bir-birini dəstəkləyir"

Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Azərbaycan-Moldova münasibətlərinin səviyyəsini qaneedici saymaq olarmı?

- Azərbaycan-Moldova əlaqələri müxtəlif sahələr üzrə uğurla inkişaf edir. İndiyədək ölkələrimiz arasında 50-dən artıq müqavilə və saziş imzalanıb.BMT, Avropa Şurası, ATƏT, QDİƏT, GUAM, "Şərq Tərəfdaşlığı" və digər beynəlxalq və regional təşkilatlar, eləcə də MDB çərçivəsində Azərbaycan və Moldovanın mövqeləri yaxındır və ya üst-üstə düşür. Hər iki ölkə həmin təşkilatlarda mütəmadi məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə dəstək verir. Azərbaycanla Moldova arasında mövcud tərəfdaşlıq münasibətlərinin səviyyəsini, qarşılıqlı maraq doğuran aktual beynəlxalq məsələlərdə mövqelərin yaxınlığını, ümumbəşəri dəyərlərə, qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini nəzərə alaraq, iki dövlət arasında siyasi dialoqun davamlı şəkildə aparılması aktual məsələlərdən biridir. Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin daimi əsasda siyasi məsləhətləşmələrin keçirilməsi, qarşılıqlı və hərtərəfli dəstəyin göstərilməsi olduqca vacibdir. Məsələn, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2011-ci ilin oktyabr ayında keçirilmiş seçkilərdə Moldova Azərbaycana səs verib.

- Bəs humanitar sahədə əlaqələrimiz necə inkişaf edir?

- Humanitar və mədəni əlaqələrimiz son illər uğurla inkişaf edir. 2012-ci ilin 11-15 noyabr tarixlərində Azərbaycanın Moldovada Mədəniyyət Günləri keçirilib. Mədəniyyət günləri çərçivəsində Azərbaycan film günləri, S. Vurğun adına Akademik Dram teatrının tamaşaları və Azərbaycan mətbəxi günləri keçirilib. Eyni zamanda, Kişinyovda Nizami Gəncəvinin yenidən qurulmuş bağı və büstünün açılışı olub. 2014-cü ilin 29 aprel-3 may tarixlərində isə Moldovanın Azərbaycanda Mədəniyyət Günləri keçirilib. Səfirliyin fəaliyyəti nəticəsində Moldova və Azərbaycan rəssamlarının qarşılıqlı səfərləri təşkil olunub. Səfərlər nəticəsində rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunub və rəsmlərin kataloqu nəşr edilib. Azərbaycan mətbəxi günləri 2014-cü ilin sonunda Kişinyovda uğurla keçirilib. Həmin vaxt UNESCO nəzdində Ənənəvi kulinariya komitəsinin rəhbəri, Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun səfirlik tərəfindən moldovan dilində nəşr edilmiş "Culinaria Azera" ("Azərbaycan mətbəxi") kitabının təqdimatı olub. 2014-cü ilin dekabr ayında isə Kişinyovda Moldova Mədəniyyət Nazirlinin təşəbbüsü ilə keçirilmiş Birinci Moldova ənənəvi Xalça sərgisində Azərbaycan xalçası pavilyonu təşkil edilib. Bu gün ölkələrimiz arasındakı münasibətləri müsbət inkişafını qeyd etməklə, onu da bildirmək lazımdır ki, iqtisadi sahədə mövcud potensial hələlik tam istifadə edilməyib. Bu sahədə görüləcək işlər çoxdur.

- Moldova da Azərbaycan kimi separatçılıqdan əziyyət çəkən ölkədir...

- Bəli, Azərbaycan və Moldovanı yaxınlaşdıran həm də hər iki ölkənin hərbi separatçılıqla üz-üzə qalmasıdır və ərazilərində bənzər münaqişələrin mövcudluğudur. Bununla belə fərqli cəhətləri də qeyd etmək lazımdır. İlk növbədə onu demək olar ki, əgər Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları əsasında etno-ərazi münaqişəsi mövcuddur, Moldovada bu bir qədər fərqli, siyasi-ərazi münaqişəsi kimi səciyyələnə bilər. Azərbaycan bu gün də təcavüzkara qarşı silahlı münaqişədədir və bir milyon qaçqın problemi ilə üz-üzədirsə, Moldovada bu münaqişə daha çox siyasi müstəvidədir. Bununla belə, ölkələrimiz hər zaman bu məsələlərdə bir-birini dəstəkləyir, ərazi bütövlüyünə hörmət prinsipi əsasında çıxış edir. Bu səpkidə beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin müvəffəqiyyətli qarşılıqlı fəaliyyəti, ümumi təhlükəsizlik məkanının yaradılması, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və münaqişələrin həll edilməsi üçün qarşılıqlı fəaliyyətin dərinləşməsi daim diqqət mərkəzindədir və əməkdaşlığımızın zəruri şərtlərindəndir. Bu qarşılıqlı dəstək beynəlxalq səviyyədə hər zaman nümayiş etdirilir. Bundan əlavə, beynəlxalq təşkilatlarda mühüm məsələlər üzrə səsvermələr öncəsi iki ölkə nümayəndələri mütəmadi olaraq görüşür, sıx əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verirlər.

- İki ölkə arasında yüksək səviyyədə qarşılıqlı səfərlər gözlənilirmi?

- Moldova və Azərbaycan rəsmiləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər həm beynəlxalq forumlar çərçivəsində, həm də ikitərəfli əsasda baş tutur. Bu səpkidə ilk növbədə 25 oktyabr 2004-cü ildən fəaliyyətə başlamış Hökumətlərarası birgə Komissiyanın işini qeyd etmək lazımdır. Komissiyaya Azərbaycan tərəfindən baş nazirin birinci müaviniYaqub Eyyubov başçılıq edir. Moldova tərəfindən isə bu mövqe boşdur. Buna səbəb Moldovadakı siyasi böhrandır. 2012-ci ilin 26 aprel tarixində Kişinyovda Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirilib. İclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri Y. Eyyubov Moldova prezidenti Nikolae Timofti tərəfindən qəbul olunub. İclasın yekunları müvafiq protokolda öz əksini tapıb. 17-19 yanvar 2012-ci ildə isə Moldovanın baş naziri Azərbaycana səfər edib. Yalnız Moldovada son illər müşahidə olunan siyasi qeyri-sabitlik, parlamentdə uzun zaman gedən partiyalararası çəkişmələr və hökumət böhranı yüksək səviyyəli səfərlərin təşkilinə əngəl olur. Təkcə onu qeyd etmək olar ki, son bir ildə Moldovada 4 dəfə baş nazir dəyişikliyi olub. Məhz buna görə Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclası Azərbaycan tərəfindən asılı olmayan səbəblərə görə indiyədək keçirilməyib. Ümid edirik ki, yaxın zamanlarda Moldovada yeni hökumət formalaşacaq və bundan sonra həm Hökumətlərarası Komissiyanın növbəti iclası, həm də yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutacaq.