“Azərbaycan müstəqil olan kimi, FETÖ Azərbaycana da əl atdı” Müsahibə

“Azərbaycan müstəqil olan kimi, FETÖ Azərbaycana da əl atdı”

Yavuz Səlim Dəmirağ: "Mən o vaxtkı rəhbərlərə dəfələrlə xəbərdarlıq edib demişdim ki, bu adamları ölkəyə qoymayın, onlar türkə yox, Mərkəzi Kəşfiyyat İdarəsinə işləyirlər"

Birinci Qarabağ savaşında iştirak etmiş Türkiyənin "Yeni çağ" qəzetinin köşə yazarı, bu günlərdə polis tərəfindən saxlanılaraq eyni gün sərbəst buraxılan Yavuz Səlim Dəmirağın APA-ya müsahibəsini təqdim edirik.

- İki gün əvvəl səhər tezdən sizi polis nəzarətinə alıb, axşamüstü buraxdılar. Bunu gözləyirdinizmi, nəzarətə alınmağınızın səbəbi nə idi?
- Mən bunu gözləyirdim. 1982-ci ildən bəri FETÖ-yə qarşı mübarizə aparıram. İlyarım əvvəl çıxmış "İmamların öcü" adlı kitabımda terror təşkilatının ordumuza sızmış üzvlərinin adlarını yazmışam. Məni nəzarətə aldıranlar polis sistemimizdə hələ də mövcud olan FETÖ-cülərdir. 15 iyuldakı mənfur hərbi çevriliş cəhdindən sonra FETÖ-yə qarşı keçirilən əməliyyatları gözdən salmaq üçün o təşkilata qarşı güzəştsiz şəkildə mübarizə aparmış insanları da nəzarətə alaraq və ya həbs etdirərək demək istəyirlər ki, baxın, hər şey o qədər xaotikdir ki, FETÖ-yə qarşı mübarizə aparanları da tuturlar. Mən bunu hər gün gözləyirdim, çünki hələ 2007-ci ildə "Ergenekon" prosesi başlayanda mən FETÖ-nün haqsızlıqlarına qarşı var gücümlə mübarizə aparmış, daha sonra saxta "Balyoz" və digər proseslərdə türk ordusuna qarşı beynəlxalq səviyyədə qurulmuş planları ifşa etmişdim.
- Siz saxlanıldıqdan sonra MHP Qaziantep millət vəkili Ümit Özdağ dedi ki, Dəmirağ türk ordusunu Baş Qərargah rəislərindən daha çox müdafiə edib...
- Məsələnin ikinci tərəfi isə MHP-nin bugünkü idarəçilərinə qarşı müxalif olmağımdır. Məni və digər müxalif yazarları polis nəzarətinə almaqla MHP-dəki müxalifləri də qorxutmağa çalışdılar, lakin buna da müvəffəq olmaları mümkün deyil. Polis nəzarətində ikən bir çox başqa şeylər barədə də danışıldı, onları deyə bilmərəm. Təkcə bunu deyim ki, milliyyətçi ictimaiyyət ayağa qalxmasaydı, bizim polis nəzarətindən azad edilməyimiz mümkün olmazdı. Mənim saxlanılmağım və ya tutulmağım mühüm deyil, önəmli olan ölkəmizin və türk dünyasının FETÖ deyilən bu casus və xainlər şəbəkəsindən təmizlənməsidir.
- Siz müstəqil Azərbaycan ordusunun quruculuğu prosesində və Qarabağ savaşında iştirak etmiş bir insansınız. Bu təşkilatla bağlı o vaxtkı müşahidələrinizi Azərbaycanla bölüşmüşdünüzmü?
- Azərbaycan müstəqil olan kimi, FETÖ Azərbaycana da əl atdı. Mən o vaxtkı rəhbərlərə dəfələrlə xəbərdarlıq edib demişdim ki, bu adamları ölkəyə qoymayın, onlar türkə yox, Mərkəzi Kəşfiyyat İdarəsinə işləyirlər, hamısı agentdir. Azərbaycanın o təşkilata qarşı mübarizəsini məmnuniyyətlə izləyirəm, həmin agentləri ölkədən tamamilə təmizləsinlər. Azərbaycanın dünyəvi dövlət sistemi, insanların yüksək təhsil və mədəniyyət səviyyəsi və ölkənin dini-demoqrafik yapısı bu təşkilatın orada fəaliyyət göstərməsinə əngəl idi. Azərbaycan əhalisinin dini baxımdan böyük çoxluğunun şiə olduğunu bilən FETÖ orada sünni təbliğatı aparıb, o istiqamətdə fəaliyyət göstərərək dini-demoqrafik strukturu dəyişdirməyə cəhd edirdi. Qardaş ölkənin öz dünyəvi strukturunu qoruması onların bir çox planı həyata keçirmələrinə əngəl oldu. Özbəkistan onları ölkədən vaxtında çıxardı, Qırğızıstanda bəzi problemlər var. Qırğız qardaşlarımızın da bir müsibət yaşamadan onlarla vidalaşacağına inanıram. Yoxsa, Türkiyənin başına gətirdikləri bu müsibətləri o biri qardaş ölkələrimizin də başına gətirə bilərlər. Çünki onlar türklüyə yox, əcnəbi kəşfiyyata xidmət edirlər.
- Bakı vaxtında xəbər tutub Türkiyəyə bildirməsəymiş, FETÖ Azərbaycan torpaqlarını işğal edən və Türkiyəyə düşmən münasibət bəsləyən Ermənistanda məktəb açacaqmış. Buna Türkiyə mane olub...
- Onlar Mərkəzi Kəşfiyyat İdarəsinin, Pentaqonun agentləridir, ona görə Azərbaycanın, Türkiyənin, türklüyün düşməni olan hər yerdə məktəb də açarlar, o ölkələrlə əməkdaşlıq da edərlər. Qardaş Türkiyə ilə Azərbaycan bunu heç vaxt diqqətdən qaçırmamalı və o agent terror təşkilatına qarşı daim birgə mübarizə aparmalıdır. Fürsətdən istifadə edib, Azərbaycandakı bütün bacı-qardaşlarımı salamlayıram. Əmin olsunlar ki, xainlərə qarşı mübarizəmizi uğurla başa çatdırıb, əziz vətən torpaqlarımızı işğaldan xilas etmək üçün hamılıqla mübarizəyə başlayacağıq.