“Bu bəyanat Azərbaycana siyasi təzyiq cəhdidir” Müsahibə

“Bu bəyanat Azərbaycana siyasi təzyiq cəhdidir”

Elman Abdullayev: "Eşton və Fülenin bəyanatı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın ruhuna və məzmununa ziddir"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin APA-ya müsahibəsi

- Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri yüksək qiymətləndirildi. Bu səfərdən sonra Avropa Birliyinin ali nümayəndəsi və vitse-prezidenti Ketrin Eşton və genişlənmə, Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle tərəfindən Leyla Yunusla bağlı birgə bəyanat verilməsini necə dəyərləndirirsiniz?

- Bu, Avropa Komissiyası daxilində təzadlı yanaşmanın olduğunu göstərir. Avropa Komissiyası prezidentinin Azərbaycana səfəri ölkəmizin Avropa Birliyi ilə münasibətlərində strateji əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoymasının nümunəsi idi. Belə bir mərhələdə Ketrin Eşton və Ştefan Fülenin belə bəyanatla çıxış etmələri Joze Manul Barrozonun səfərinin əhəmiyyətinə və uğurlu nəticələrinə sanki kölgə salmaq məqsədi daşıyır. Bu da göstərir ki, Avropa Komissiyasının daxilində müəyyən ziddiyyətli yanaşmalar mövcuddur. Avropa Komissiyası prezidentinin Azərbaycana önəmli bir səfər həyata keçirdiyi, tərəflər arasında əməkdaşlığın bu cür strateji bir səviyyədə olduğu anda belə bəyanatın səslənməsi təbii ki, qəbuledilməzdir. Ketrin Eşton və Ştefan Fülenin bəyanatı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın ruhuna və məzmununa tam ziddir. İkincisi, biz bu bəyanatı Azərbaycana siyasi təzyiq cəhdi kimi qiymətləndiririk. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qanun hamı üçün eynidir, Azərbaycan dövləti qanunun aliliyini hər zaman yüksək tutub. Konkret cinayət əməlləri törətməkdə ittiham edilən hər bir kəs qanun qarşısında cavab verməlidir. Barəsində danışdığımız Leyla Yunus cinayət tərkibli əməllərlə bərabər, vətənə xəyanətdə də ittiham edilir. Təbii ki, Avropa Birliyi rəsmiləri tərəfindən məhkəmə-hüquq proseslərinin və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi və insan hüquqlarını əldə bəhanə, alət edərək Azərbaycana təzyiq göstərmə cəhdləri bizim tərəfimizdən rədd olunur.

- Bu bəyanat nə üçün Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirilir?

- Çünki burada cinayət tərkibli əməllər var və bu əməllər araşdırılır. Digər tərəfdən, Azərbaycanın müstəqil məhkəmə sistemi var və bu məhkəmə sisteminə belə təzyiqlər göstərmək birmənalı şəkildə qəbuledilməzdir. Bütün inkişaf etmiş cəmiyyətlərdə məhkəməyə təzyiq yolverilməzdir. Bu, birmənalı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq, müdaxilə etmək cəhdidir və yolverilməzdir. Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulanıb ki, məhkəmə prosesi qanun çərçivəsində həyata keçiriləcək.

- Yeri gəlmişkən, Avropa Birliyinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların hüquqlarının qorunması sahəsində fəallığı hansı səviyyədədir?

- Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, hüquqları kobud surətdə pozulub. Ancaq Avropa Birliyi daim Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasəti barədə açıq və qəti mövqe ortaya qoymaqdan boyun qaçırır. Belə mövqe ortaya qoymaqdan boyun qaçıran Avropa Birliyi cinayət tərkibli fərdi halları əsas götürür və siyasi bəyanatlarla çıxış edir. Təbii ki, bu, Avropa Birliyini Azərbaycanla bağlı ədalətsiz və qərəzli yanaşmasının göstəricisidir. AB bir çox hallarda separatizm və onun meyllərinin dəstəklənməsinə qarşı çıxış edir. Lakin Azərbaycana qarşı bu separatizm və işğalçılıq əməllərinə münasibətdə susqunluq, ikili standartlar nümayiş etdirir, eyni zamanda vətənə xəyanətə ittiham edilən şəxslə bağlı məsələni siyasiləşdirir, Azərbaycana təzyiq göstərməyə cəhd edir. Bu da onu göstərir ki, Avropa Birliyi bütün əməkdaşlıq etdiyi və qonşuluğunda yerləşən ölkələrə heç də bərabər münasibət bəsləmir. Bu da Avropa Birliyində çox ciddi problemlərin olduğunu göstərir. AB bütün problemlərə ədalətli və qərəzsiz yanaşmır. Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti qarşısında da susqunluq nümayiş etdirərək öz qərəzli mövqeyini ortaya qoyur. Beynəlxalq ictimaiyyət üçün önəmli olan ərazi bütövlüyü məsələsində passivlik qəbuledilməzdir. Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirildiyi halda Avropa Birliyinin beynəlxalq münasibətlər üçün müqəddəs əhəmiyyət kəsb edən ərazi bütövlüyü prinsipinin ortaya qoyulmasından boyun qaçırılması xoşagəlməz bir haldır. Bu qurumun Ermənistanın beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozmasına qarşı çıxmasını, Ermənistana ciddi çağırışlar etməsini də görmürük. Təəssüflər olsun ki, bu cür yanaşma Avropa Birliyinin özünün qərəzsizliyini və obyektivliyini kifayət qədər şübhə altına salır.