İtaliya incəsənətin beşiyidir... Müsahibə

İtaliya incəsənətin beşiyidir...

İtaliyada yaşayan azərbaycanlı heykəltaraş: "...Və yaradıcılıq üçün mükəmməl ölkədir"

BayMedia-nın müsahibi Həsən İsgəndərovdur.
Həsən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İtaliyanın Roma şəhərində təhsil alıb. Öz ömrünü incəsənətə həsr edən Həsən İsgəndərov artıq 6 ildir ki, Romada yaşayıb yaradır.
Xatırladaq ki, Həsən İsgəndərov iki dəfə Prezident mükafatçısı, 2013-cü ildə İtaliyanın dövlət başçısı tərəfindən keçirilən milli mükafat müsabiqəsinin finalçısı olub.
Həsən özü özü haqqında danışmağı xoşlamadığını deyir: "Sənətim heykəltaraşlıqdır. Təqdimat üçün onu deyə bilərəm ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Olimpiya komitəsində keçirilən müsabiqədə iki dəfə mükafat almışam. 2013-ci ildə İtaliya dövlət başçısı Cercio Napolotano tərəfindən milli mükafat müsabiqəsinin finalçısı olmuşam. Bu il İtaliyanın Viterbo şəhərində keçirilən Biyenalidə Romanı qardaşımla birgə təmsil etmişik.

- Sizcə, hansısa xarici ölkədə təhsil alandan sonra elə orada qalıb işləmək, yoxsa qayıdıb Vətəndə işləmək yaxşıdır?

- Ümummilli lider Heydər Əliyev xaricdə yaşayan gənclərlə görüş keçirirdi. O hər bir gəncdən fərdi olaraq, harada yaşadığı və hansı sahə üzrə fəaliyyət göstərdiyi barədə maraqlanırdı. Orada müxtəlif ölkələrdə yaşayan gənclər var idi. Nəticə olaraq ümummilli liderimiz dedi ki, gənclər vətənə onun təşəbbüsü ilə gəliblər. Hələ keçmiş SSRİ dövründə yüksək vəzifələrdə çalışarkən onun ən böyük arzularından biri o olub ki, Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alsınlar. Sonra bildirdi: "Mən çox qürur duyuram ki, mənim təşəbbüsümlə bura gəlmisiz. Mən fəxr edirəm ki, sizlər dünyanın müxtəlif ölkələrində yaşayıb yaradırsınız. Mənim ən böyük arzum o idi ki, azərbaycanlılar dünyanın bütün ölkələrində yaşasınlar".
Mən də nəticə olaraq hesab edirəm ki, İtaliya incəsənətin beşiyidir və yaradıcılıq üçün mükəmməl ölkədir. Amma bir azərbaycanlı olaraq ən böyük arzumdur ki, 6 ildir burada yiyələndiyim elmi vətənimdə gələcək nəsillərə ötürüm.

- İtaliyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- İtaliyada Azərbaycan diasporunun fəaliyyəti son iki ildə güclənmək üzrədir. Biz biz bu sahədə hələ gənc bir təcrübəmiz var. Amma dövlətimizin böyük diqqəti və dəstəyi sahəsində güclənirik. Son bir necə ildə bir necə təşkilatımız yaranır. İtaliyanın müxtəlif şəhərlərində bundan əlavə böyük təcrübəsi olan İtaliya təşkilatları ilə əməkdaşlıq edirik. Azərbaycanın İtaliyadakı səfiri bizə böyük dəstək olur. Biz İtaliya Azərbaycan gəncləri "Orqanizatione Giovani İtaliano Azeri" adlı bir təşkilat yaratmışıq. Səfirliyimizin dəstəyi ilə İtaliyanın ən güclü gənclər təşkilatı olan "Giovani Nel Mondo" təşkilatı ilə əməkdaşlıq edirik. Son iki ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində geniş təbliğat işləri aparırıq. Kampaniya ilə bağlı tez-tez tədbirlər həyata keçiririk.

- Bəs, İtaliya mediasının diqqəti hansı səviyyədədir?

- İtaliya mediası son zamanlar Azərbaycana diqqət ayırır. Müxtəlif qəzet və jurnallarda Azərbaycan barəsində yazılar yayımlanır. Bu bizim ölkəmizin bu gün dünyada nə qədər əhəmiyyətli bir mövqe tutduğununun sübutudur. Düşünürəm ki, gələcəkdə bu diqqət bir az da artacaq.

-Erməni lobbisi öz təsirini göstərə bilirmi?

- Erməni lobbisinin gücü İtaliyada getdikcə dalana dirənir. Bunu tam səmimi deyirəm.

Elnur Eltürk