Mahmud Teymur və Səid bəy Nizami Ədəbiyyat

Mahmud Teymur və Səid bəy Nizami

Onlarnı arasındakı dostluq və ədəbi əlaqələr xüsusi maraq doğurur

Klassik ərəb-müsəlman mədəniyyətinin yaranmasında və inkişafında ərəblərlə yanaşı, xilafətin tərkibinə daxil olmuş ərəb olmayan xalqların da böyük rolu olduğu elm aləminə yaxşı məlumdur. Bunu müasir dövrün məşhur dünya şərqşünasları, o cümlədən X.Gibb, Q.Fon Qryunebaum, İ.Kraçkovski, Y.Bertels, İ.Petruşevski, M.Mahmudov, V.Məmmədəliyev və bir sıra başqa görkəmli alimlər qeyd etmişlər. Bununla əlaqədar İ.Kraçovski belə yazır: "Ərəb ədəbiyyatı tarixi o mənada dil prinsipi əsasında qurulur ki, o, həm ərəblərin, həm də ərəb olmayanların, həm ərəb ölkələrində, həm də qeyri-ərəb ölkələrində ərəb dilində yaranmış əsərləri əhatə edir. Hamıya məlumdur ki, ərəb ədəbiyyatı, ümumiyyətlə, ərəb mədəniyyəti öz inkişafı üçün təkcə ərəblərə deyil, habelə bir sıra xalqların nümayəndələrinə borcludur".
Bu mənada ərəb-müsəlman mədəniyyətinin yaranmasında və inkişafında Azərbaycan ədib və alimlərinin böyük rolu danılmazdır. İsmayıl bin Yasər, Musa Şəhəvat, Əbül-Abbas əl-Əma, Müğləsi Mərəğayi, Mənsur Təbrizi, İskafi Zəncani, Eynəl-Quzat, Şihabəddin Sührəverdi, Xətib Təbrizi, Əbu Ubeydə bin Məmər bin əl-Musənnə, Əbu Bəkr əl-Valibi, İzzədin Zəncani, Sədəddin Bərdəi, Məhəmməd Ərdəbili, Nəsirəddin Tusi, Hubeyş Tiflisi, Bəhmənyar Azərbaycani, Səfiyəddin Urməvi, Yusif Xoylu, Çarpərdi və onlarla başqa alim və ədiblərimiz orta yüzilliklərdə ayrı-ayrı elm sahələrində böyük şöhrət qazanmışlar. Azərbaycan ədib və alimlərinin əsərləri yalnız ölkəmizdə deyil, eyni zamanda ayrı-ayrı ərəb alimləri tərəfindən də öyrənilərək ərəb ölkələrində nəşr olunur. Onlarla orta əsr Azərbaycan alimlərinin ərəb dilində yazmış olduqları elmi əsərləri ilə yanaşı Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqa görkəmli Azərbaycan klassiklərinin poetik irsi də müasir ərəb alimləri tərəfindən öyrənilib. Bu da öz növbəsində iki xalqın ədibləri və alimlərindən ibarət ayrı-ayrı nümayəndələri arasında elmi və səmimi dostluq əlaqələrinin yaranmasına gətirib çıxarıb.
Bu baxımdan müasir ərəb ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ərəb ədəbiyyatında çağdaş novella janrının banisi Mahmud Teymurla Səid bəy Nizami arasındakı dostluq və ədəbi əlaqələr xüsusi maraq doğurur. Dünya şöhrətli yazıçı Mahmud Teymurun həyat və yaradıcılığı bizə yaxşı məlum olsa da, Səid bəy Nizami haqqında heç bir məlumat yoxdur. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda Mahmud Teymurun on kitabdan ibarət kolleksiyası saxlanılır. Bu kitabların hamısı Mahmud Teymur tərəfindən Səid bəy Nizamiyə hədiyyə edilib. Kitabların hər birində Mahmud Teymurun öz xətti ilə Səid bəy Nizamiyə hədiyyə edildiyi və tarixi yazıldığına görə, bu kitabların 1934-1941-ci illər arasında verildiyi məlum olur. Həmin kitabların hamısı heç də Mahmud Teymurun öz əsərləri deyil.
Belə ki, Mahmud Teymurun kolleksiyasında öz kitabları ilə yanaşı, başqa Misir yazıçı və alimlərinin əsərləri də var. Bu kolleksiyada olan kitabların Azərbaycan MEA Əlyazmalar İnstitutuna daxil olması müəyyən bir tarixi hadisə ilə bağlı olub. Azərbaycan SSR Nazirlər Sovetinin 12 oktyabr 1950-ci il tarixli 1410 saylı qərarına əsasən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazması şöbəsi Respublika Əlyazmaları Fonduna çevrilərək, Azərbaycan SSR Elmlər Akademiyasına tabe edilib. Bu qərarla bağlı nadir əlyazmaları, qədim çap kitabları və nadir biblioqrafik əsərləri olan bütün kitabxanalara, məktəblərə, elmi-tədqiqat idarələrinə və başqa təşkilatlara bunların Respublika Əlyazmalar Fonduna təhvil verilməsi təklif edilib. Bu qərardan sonra Azərbaycan SSR Elmlər Akademiyası kitabxanasının Şərq şöbəsində olan əlyazmalar və ərəb dilində olan kitabların bir qismi də Respublika Əlyazmalar Fonduna verilib. Bununla da Mahmud Teymurun kolleksiyası Əlyazmalar İnstitutunun fonduna Akademiyanın kitabxanasından daxil olub. Bu kitabların Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasından daxil olduğunu nəzərə alsaq, Səid bəy Nizaminin, bəlkə də Akademiyanın əməkdaşlarından olduğunu ehtimal etmək olar. Yazıçı bu kitablardan beş ədədini Səid bəy Nizamiyə 1936-cı ildə hədiyyə edib. Bu kitabların birincisi 17 sentyabr 1936-cı ildə hədiyyə edilib və ədibin həmin ildə nəşr olunmuş "Əfallah və qisas uxra" ("Əfallah və başqa novellalar") adlı hekayələr toplusudur. Kitabın titul vərəqində yazıçının belə bir avtoqrafı var: "Ən səmimi salam və ehtiramlarımla fəzilətli ustad Səid bəy Nizamiyə hədiyyə".
Mahmud Teymurun 13 noyabr 1936-cı ildə Səid bəy Nizamiyə hədiyyə etdiyi ikinci kitab görkəmli Misir yazıçısı və dramaturqu Tofiq əl-Həkimin "Audətür-ruh" ("Ruhun qayıtması") əsərinin 1933-cü il nəşridir. Kitabın titul vərəqində yazıçının eynilə yuxarıdakı avtoqrafı öz əksini tapıb. Həmin ilin 28 noyabrında hədiyyə etdiyi digər kitab isə başqa bir ərəb yazıçısı, Mahmud A. əs-Seyyidin "Fi sain minəz-zəmən" ("Zamandan saatlar haqqında") adlı əsərinin birinci cildinin 1935-ci il nəşridir. Kitabın titul vərəqində Səid bəy Nizamiyə bu əsəri hədiyyə etdiyini yazdıqdan sonra öz şəxsi möhürünü vurub. Bu möhürün üzərində aşağıdakı yazı oxunur: "Mahmud Teymur, əl-Əmir Hüseyn küçəsi H 6. Əl-Cəzirə, əl-Qahirə bi Misir".
28 noyabr 1936-cı ildə Mahmud Teymur Səid Nizamiyə daha iki kitab hədiyyə edib. Onlardan biri Əbdül-Əsr Afifinin "Əl-Hədi" ("Başçı") adlı pyesinin 1933-cü il nəşri, digəri isə Mustafa Əbür-Raziqin "Əl-Bəhə" ("Gözəllik") tədqiqat əsəridir. Birinci kitabın titul vərəqində yazıçının yuxarıda göstərilən şəxsi möhürü vurulub, onun aşağısında isə başqa bir möhür də basılıb. Həmin möhürdə bu yazılar oxunur: "Misir dirçəliş kitabxanası. Mədabiğ küçəsi H 15, Misir, telefon-1394." İkinci kitabın titul vərəqində isə Mahmud Teymurun ərəb və ingilis dillərində olan başqa möhürləri vurulub.
1937-ci ildə isə Mahmud Teymur Səid bəy Nizamiyə daha iki kitab hədiyyə edib. Biri 20 fevralda ərəb alimləri Abbas Əllam və Əbdürrəhman ən-Nasirin "Əl-Asrüz-zəhəbi lil-islam fil-Əndəlus" ("İslamın Əndəlusdakı qızıl əsri") adlı kitabı, ikincisi isə 24 martda hədiyyə etdiyi doktor Mahmud Əhməd əl-Həfninin qədim Misirin musiqisindən və musiqi alətlərindən bəhs edən "Musiqa qudəməil-misriyyinə" ("Qədim misirlilərin musiqisi") adlı kitabıdır.
Mahmud Teymurun dostu və həmkarı Səid bəy Nizamiyə hədiyyə olaraq 1941-ci ildə göndərdiyi kitablar öz əsərləridir. Bunlardan biri "Məktub aləl-cəbin və qısəs uxra" ("Qorxağa məktub və başqa hekayələr"), digəri isə "Nidaül-məchul" ("Məchulun nidası") adlı kitabdır. Mahmud Teymurun kolleksiyasındakı "Əl-Hac Şibli və əqasis uxra" ("Hacı Şibli və başqa hekayələr") adlı kitabına yazdığı avtoqraf isə fərqlidir. Belə ki, o, bu kitabı 18 noyabr 1934-cü ildə böyük alim, ustad Sədi Cauriyə hədiyyə etdiyini yazır.
Mahmud Teymurun hədiyyə etdiyi kitablara yazdığı avtoqraflardan məlum olur ki, yazıçı ilə Səid bəy Nizamini olduqca səmimi və isti dostluq əlaqələri birləşdirib. Bu iki şəxsiyyət arasındakı əlaqələrin gələcəkdə aydınlaşdırılması mümkün olarsa və Səid bəy Nizaminin kimliyi müəyyənləşdirilərsə, bu, Misir-Azərbaycan ədəbi əlaqələrində yeni üfüqlərin açılmasına gətirib çıxara bilər.

Kamandar Şərifov,
filologiya elmləri doktoru