Atəşpərəstlik tanrı panteonu Ədəbiyyat

Atəşpərəstlik tanrı panteonu

"Avesta"da Ahur-Məzd Zaratuştrun əsas ilhamvericisi, hamisi və həmsöhbətidir. Ahur-Məzd – atəşpərəstliyin baş tanrısıdır, sözün hərfi mənası "müdrik yaradıcı" deməkdir. Müraciətlərdə qısa şəkildə də yazılır: Məzda. "Müqəddəs ruh" mənasını verən "Manyu-Spenişt" də onun adlarından biridir. Çox-çox sonrakı dövrlərdə klassik fars epik şeirində "Ormuzd/Hörmüz" şəklinə düşüb. Onu dünyanın vahid yaradıcısı və insanlığın qoruyucusu hesab edirlər. N.V.Porublev yazır ki, "Zaratuştrun görüşlərini hansı şəkildə yozsaq da, monoteizmi göz qabağındadır; o, bir Xeyir Allahının mövcudluğuna inanır və əmindir ki, Ahur-Məzd gec-tez Şəri də öz iradəsinə tabe edəcək". Bir əsas həqiqi tanrı mövcuddur, o da ədalətin, xeyirxahlığın keşiyində duran Ahur-Məzddir. Lakin atəşpərəstlər bel bağlamasalar da, şər ruhların mənbəyi Anhro-Manyunun da gücünə inanırlar. Buna baxmayaraq P.Bentli yazırdı ki, "atəşpərəstliyin banisi peyğəmbər Zoroastr (Zaratuştr) yerin-göyün yaradıcısı, qanuniliyin, dünya hakimliyinin, ictimai əxlaqın mənbəyi Ahur-Məzdi düzlüyün, ədalətin etalonu kimi vahid Allah elan etmişdi". Ümumiyyətlə, tanrıların və bütün varlıqların - yaradıcısı Ahur-Məzdin ətrafında toplaşan ilahi qüvvələri üç qrupda sistemləşdirirlər:
Göy qatı ilə bağlanan birinci tanrılar qrupu Ameşa-Spentadır (Ölümsüz müqəddəslər). Bu, "Avesta"da Ahur-Məzdin - Müqəddəs ruhun (Spenta-Maiyu) köməkliyi ilə bütün varlıqlardan öncə yaratdığı altı şüasının – köməkçisinin özü ilə birliyinə (yeddilik) verilən ümumi addır. Ali ilahi yeddilik Zaratuştrun yozumunda sadəcə olaraq yeddi "Ölümsüz Müqəddəslər" – "Ameşa Spenta" deyildi, həm də Ahur-Məzdin xeyirxah xüsusiyyətlərinin alleqorikləşdirilməsi idi. Onun keyfiyyətinin altı şöləsi – gətirən düşüncələr, həqiqət (düzlük), hökmranlıq, hakimiyyət (ilahi), möminlik, bütövlük (sağlamlıq, rifah) və ölümsüzlük - uyğun olaraq altı əsas ilkin varlıqlarla (ünsürlərlə) əlaqələndirilirdi: mal-qara, od, metal, torpaq, su və bitki.
Struktur baxımından eyni halla Oğuz-türk tanrı panteonunda da rastlaşırıq. Ahur-Məzd 6 şüası ilə birlikdə dünyanın bütün maddi tərəflərini – formalaşdırdığı kimi Oğuz da 6 oğlu ilə eyni funksiyanı (göyün və yerin əsas elementlərini yaradır) yerinə yetirir. Hər iki mifik dünya modelinin başlanğıc mərhələsinin sxeminə nəzər salsaq görərik ki, onların kökü eynidir.
İkinci qrup tanrılar yazatlar silsiləsidir. Bunların sırasında ən hörmətlisi və ehtiram bəsləniləni Mitrdir (orta fars dilində "Mihr" şəklinə düşmüşdür). Ona həsr olunan yəştlər (himnlər) əsasında mövqeyini müəyyənləşdirmək mümkündür. Məsələn, "Avesta"nın 10.1 yəştində göstərilir. "Ahur-Məzd Spitam-Zaratuştra dedi: "Mən geniş otlaqların sahibi Mitri yaradanda elə etdim ki, özüm tək tərifə və ehrama layiq tutulsun".
Qaranlıq aləmin təmsilçiləri. Anhro-Manyu - hərfi tərcüməsi "şər ruh" deməkdir, Ahur-Məzdin qardaşı, əbədi rəqibidir, həqiqətin və dünyadakı bütün uğurların, xöşbəxtliklərin düşməni, soyuğun, zülmətin təmsilçisidir. Daim Xeyirlə mübarizə mövqeyində durur və böyük orduya, Ahur-Məzdin gücünə bərabər tutulan tərəfdarlara malikdir. Atəşpərəstlik inancında hər bir şər ruhun dəqiq yeri müəyyənləşib və müvafiq xeyir varlıqla qarşı-qarşıya qoyulub. Onlar xeyirin təmsilçilərinə üstün də gəlmiş, hətta bəzilərini aradan götürə (ilk insan Kəymərdin ölümünə səbəb olduqları kimi) biliblər. Müharibənin qanunlarına uyğun şəkildə özləri də həlak ediliblər.
Dev, əjdaha və pəri Azərbaycan folklorunun epik ənənəsində işlənən ən aparıcı antoqonist mifoloji obrazlardır. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər məxluqlar yeraltı aləmin sakinləri kimi göstərilirlər. Onlar "Avesta" təsəvvürlərində olduğu tək dərin quyuların dibindəki üç otaqlı ("Avesta"da yeraltı üç qatda) mağaralarda yaşayırlar. Yeraltı mağaralar Anhro-Manyunun yaratdığı yer qatlarına uyğun şəkildə elə qurulur ki, zəncirvari formada bir-biri ilə sıx əlaqələnə bilsin. Birinci və ikinciyə baş vurmadan birbaşa üçüncüyə, yaxud sonuncu - qaranlıq aləmə keçmək mümkünsüzdür. Yalnız ilk otağın sakini – "şər sözlərin" yayıcısını aradan qaldırılmaqla "şər fikirlərin" mənzilinə yol açılır, eləcə də ikincinin məhvi ilə "şər əməllər" sahibinin yanına getmək imkanı yaranır. Bu üç mərhələ keçildikdən sonra Qaranlıq, ya da İşıqlı dünyalara çıxış üçün vəsiqə əldə edilir. Lakin Bəxt ulduzu Şərin əsas daşıyıcılarını (şər sözü, şər fikri və şər əməli) aradan götürən demiurqa Yer altında qaldığına görə göyün dərinliklərindən himayədarlıq edə bilmir. Çünki İşıqlı dünyanın sakral qüvvələri aşağı qatda nələr baş verdiyinin fərqinə varmırlar, orada ancaq şər meydan sulayır. Ona görə də dərin quyulara düşənin atdığı hər addım ölçülüb-biçilməlidir. İlk növbədə, Yer sakininin qarşısında duran əsas şərt ondan ibarət olur ki, rastlaşacağı iki bir-biri ilə kəllələşən qoçdan birinin belinə minəndə şansını əldən verməsin. Əks halda şərin beşiyinə – Anhro-Manyunun əbədi qaranlıq mənzilinə düşəcək... Diqqət yetirin, "Avesta" təsəvvürlərində Şərlə Xeyirin təmsilçiləri ancaq yer üzündə – İşıqlı dünyada bir-biri ilə vuruşurlar. Mifoloji mətndə isə Ağ Qoçla (İşıqlı dünyanın bələdçisi) Qara Qoç (Qaranlıq aləmin bələdçisi) yeraltında daim döyüş vəziyyətindədir. Hər ikisi çalışır ki, insanı öz belinə mindirib xidmət etdiyi ilahi qüvvənin ölkəsinə aparsın. Seçimlə üzləşən mədəni qəhrəman torpağı eşə-eşə, daim fırlana-fırlana bir göz qırpımında ötüb keçən qoçların ağını qarasından ayırmağı bacarmalıdır və elə bir məqamı tutmalıdır ki, Ağ Qoçun belinə sıçraya bilsin. Lakin Yeraltı aləmdə Ahur-Məzd tərəfdarlarının bəxtinin gətirməməsi təbiidir. İşıqlı aləmin sakini üç mağaradakı üç nəhəng devi ağlı, gücü və xeyirxahlığı ilə öldürmüşdü, ona bu işdə yerüstü dünyadan gətirilən gözəllər yardım etmişdilər. O, yeraltı keçiddə isə təkdir, tanrısından uzaqdır, ona görə də Qara Qoça tuş gəlir. Bu, əslində atəşpərəstlik mifoloji sistemə əsaslanan qanunauyğun hal idi. Bu motiv, demək olar ki, əksər nağıllarımızda özünə yer alıb. Ən xarakterik nümunə isə hələ XIX əsrin II yarısında Azərbaycanda yazıya alınıb rus mətbuatında dərc olunan "Məlikməmməd"dir. Y.V.Çəmənzəminli 80 il əvvəl yazdığı məqalələrində əsaslı şəkildə göstərirdi ki, "Məlikməmməd" nağılı başdan-ayağa zoroastriya görüşləri ilə yoğrulub.
Mifoloji mətnin nüvəsində "Avesta"dakı Yim haqqındakı mifin bəzi detalları dayanır. İnsanın qocalığa və ölümə qarşı mübarizəsinin bünövrəsi ilkin görüşlərdə qoyulmuşdur. İlk növbədə, yüksək əxlaqa malik olmaqla və tanrıların yasaqlarını yerinə yetirməklə çox yaşamağın, gümrah və sağlam qalmağın yollarını arayıblar. Yimin ölkəsində şər əməllər törətməyən bütün insanlar 15 yaşlı görünürdülər. Saf təbiətli, ilıq, işıqlı, bərəkətli Xeyir məkanında möcüzəli Naara ağacı yetişirdi, onun meyvəsi qocaları cavanlaşdırıb 15 yaşına çatdırırdı. "Məlikməmməd" nağılı da analoji epizodla başlanır, lakin həmin sehirli bitki alma şəklinə düşür və bir padşahın bağında yetişir. İşıqlı dünyada Yimin "qızıl dövrü"ndən qalan yeganə nişanənin insanları dəyişdirməsi (gəncləşdirməsi) ilə razılaşmayan yeraltı aləmin sakinləri – devlər ildə bir dəfə alma yetişən anda gecənin qaranlığından faydalanıb bağa gəlir və qeyri-adi meyvəni dərib özləri ilə aparırdılar. Təkcə padşahın kiçik oğlu Məlikməmməd onları təqib edib qızmar quyuya enməklə Zaratuştrun başladığı mübarizəni şərin öz ölkəsində davam etdirir. Burada göstərilir ki, devlər işıq aşiqləridirlər, ona görə də yer üzünün ən gözəl qızlarını (onlar işığı simvollaşdırırlar) qaçırıb öz yanlarında saxlayırlar. Ancaq devlərin gündüzlər quyudan çıxıb Günəşə baxmağa heç vaxt cəsarətləri çatmırdı.
Anhro-Manyu şər məxluqları insan şəklində yaradanda bir şeydən ehtiyatlanmışdı və bu səbəbdən də devlərin canını özlərindən çox-çox uzaqda yerləşdirmişdi. O, elə zənn etmişdi ki, devlər öz bədənlərində ürəyə (cana) sahib olsalar, haqq, ədalət qarşısında təslim vəziyyətinə düşər, gözəllikləri görüb xoş duyğulara uyar, nəticədə insanlarla birləşərdilər. "Məlikməmməd"də də göstərilir ki, devlərin canı bədənlərində deyil, başqa məkandadır. Məhz Məlikməmməd işıqlı aləmin nümayəndələri – əsir qızların məsləhəti ilə bir ağacın (Şər tanrısı bilir ki, canı yer altında qoruyub saxlamaq çətindir, ona görə də yaratdığı məxluqların yaşarlıq gücünü gecələr aparıb yer üstündəki ağaclarda gizlədir) başında gizlədilən şüşəni tapıb sındırır, içindəki quşu tutub öldürməklə devlərin canını alır. Bu, əslində bütpərəstlik dövrünün təsəvvürləri idi. Çünki büt-tanrıların da ruhu – canı həmişə kənar varlıqlarda (ağaclarda, göllərdə və s.) göstərilir. Təsadüfi deyil ki, "Avesta"da da devlər əvvəlki inancların büt-tanrıları kimi xatırlanır və onların ancaq şərə xidmət etdiyi ona görə geniş vurğulanır ki, insanlar köhnə dinlərdən əl çəkib Ahur-Məzdin ətrafında birləşsinlər. Bu mənada müqəddəs "Kitab"ın "Vəndidat" hissəsi "Devlər əleyhinə qanun" adlanır.
Atəşpərəstlik görüşlərindən fərqli olaraq Azərbaycan epik ənənəsində devlərə ikili münasibət mövcuddur. Bəzi hallarda onlar xeyirxahlıq edirlər. Hətta "İbrahimin nağılı"nda qəhrəmanın devlərlə qan qohumluğuna işarəyə rast gəlirik. Bu onu göstərir ki, dev obrazı Azərbaycan poetik düşüncəsinə zoroastrizmdən qabaqkı inancların qalıqları kimi düşüb və bədiilik ünsürünə çevrilib.
Pəri obrazında da eyni halla rastlaşırıq. Onlar çox vaxt tanrının elçiləri tək xatırlanırlar. Quş (göyərçin), bəzən də heyvan (ceyran) cildində çay sahillərinə və bulaq başına enirlər. Cildlərini əyinlərindən çıxardan kimi gözəl qıza çevrilir və lüt-üryan suda çimməyə başlayırlar. Pərilərin cildlərini ələ keçirməklə bir neçə istəyə çatmaq mümkündür. Çünki onlar suda çılpaq qalmasınlar deyə, bir sıra fövqəltəbii işləri yerinə yetirməyə razılaşır və hətta başqalarının sirlərini açıqlayırlar. Belə pəri-insan qarşıdurması qurbansız ötüşür. Lakin yer sakinlərindən ziyan gördükləri halda pərilər dəhşətli fəlakətlər törədirlər. "Kitabi-Dədə Qorqud"da Sarı çoban kimsəsiz yerdə bir pəri qıza rast gəlir, ona təcavüz edir. Bunun nəticəsində qəddar, adamcıl Təpəgöz doğulur, saatla, günlə böyüyən qeyri-normal məxluq el içində yağ-balla bəslənməsinə baxmayaraq insanlara – öz qan qohumlarına qənim kəsilir, say-seçmə igidlərin ölümünə bais olur.



Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru,
professor