Əcdadlarımız günəşi od mənbəyi sayıblar Ədəbiyyat

Əcdadlarımız günəşi od mənbəyi sayıblar

Təbiət kultlarının araşdırılması dünya folklorşünaslığı qarşısında duran mühüm məsələlərdən biridir. Kult uca və müqəddəs sayılan varlıqlara tapınma kimi başa düşülür. Daha doğrusu, inanc deməkdir. Təbiət kultlarının tərkib hissəsi olan astral kultlarla bağlı folklor nümunələri şifahi xalq ədəbiyyatımızda kifayət qədərdir. Günəş kultu da Günəşə inam kimi anlaşılır. Kultlar folklorşünaslıq elmində bu və ya başqa sferadan öyrənilir.
İbtidai insanları ilk maraqlandıran təbiət obyekti günəş olub. Hər gün onun doğuşu ilə təbiətin isinməsi, qürubu ilə qaranlığın və soyuğun düşməsi insanlarda həm marağa, həm də qorxuya səbəb olan amil idi. Günəş astral varlıqdır. Həm də od mənbəyi, işıq mənbəyidir. Qədim insanlar bəzən Günəşin yandırıcı həmlələrinə də tuş gəlirdilər. Bundan qurtulmaq ibtidai insana mümkünsüz görünürdü. Ya da uzun müddət davam edən qarlı, şaxtalı qışdan qurtulmaq üçün müxtəlif ayinlər icra edirdilər. Bunlardan biri də "Günəşi çağırmaq mərasimi"dir. Məsələn:
Gün çıx, gün çıx!
Kəhər atı min çıx.
Zaman keçdikcə günəş, ay və s. astral varlıqlar haqqında insanın mifoloji təfəkkürü formalaşdı. Dünyanın əksər xalqlarının əsatiri görüşlərində bu varlıqlar modelləşdi. Bir qədər sonra artıq qurbanlar kəsildi, insanlar bu varlıqlara sədaqətli olduqlarını nümayiş etdirməyə başladılar. Qədim Misirdə Ra (Günəş Allahı) ən nüfuzlu allah hesab olunurdu: "...Misirdə Günəş tanrısı kultu Şumer və Akkad rituallarına nisbətən daha mühüm rol oynayıb. Misirdə isə Ra ənənəyə əsasən Misirin birinci padşahı olmuş Atum kimi dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olub və yəqin ki, qədim padşahlıq dövründə elə həmin şəhərdə Osiris kultu ilə günəş tanrısı kultunun birləşməsi baş verib".
Bir məsələni də vurğulayaq ki, bəzən müqəddəs insanların adlarının Günəşlə əlaqələnməsi hallarına da rast gəlirik. Şamaxı rayonunun Dədəgünəş kəndində yerləşən pirin adı "Dədəgünəş"dir. Tədqiqatçı alim M.Nemət yazır ki, "Dədəgünəş XII əsrdə yaşayıb-yaratmış şair və mütəfəkkir Ə.Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osmanın ləqəbi olub. Dədəgünəş məşhur alim, təbib və filosof idi. Rəvayətə görə onu "Yerin və insanların günəşi" adlandırıblar. Dədəgünəş kəndinin adı da onunla əlaqədardır". Lakin bu fikir özünü doğrultmayıb. Çünki "Dədəgünəş" piri islamaqədərki dövrün inancları ilə bağlı hadisədir. Bu insanların Göy tanrısına və Günəşə inancları ilə yaranmış mifdir. Müəyyən zamanlarda həmin abidə dövrün inancları ilə bağlı adlandırılıb.
Göyə, səmaya böyük önəm verən, Göy tanrını tanrılar tanrısı olaraq görən qədim türklər yer üzündəki bütün canlıların Günəş sayəsində yaşadığını, günəşsiz həyatın mövcud olmayacağını dərk etmişdilər. Günəş gecə ilə gündüzün, fəsillərin bir-biri ilə əvəzlənməsində mühüm rol oynayır. Xalq yaradıcılığında, eləcə də şifahi ədəbiyyatda Günəşlə bağlı onlarla mətn mövcuddur:

...Gün özün yetirəcək,
Qarı tez götürəcək,
Keçəl qızı aparacaq,
Saçlı qızı gətirəcək.
Xalq təfəkküründə özünə yer almış bu nümunə elmi ədəbiyyatda polemika yaradıb: "Günəşin "keçəl" və "saçlı" qızları qış və yazın təbiətinə uyğun şəkildə təsəvvür edilib. Buradan belə nəticəyə gəlmək olur ki, onlar günəşlə bağlı əkslikləri təmsil edirlər. Nəğmədən aydın olur ki, başlanğıcların – yazın (saçlı qızın) qışın (keçəl qızın) kökü birdir – günəşdir".
"Gəmiqaya təsvirlərində və arxeoloji əsərlərdə Günəş təsvirlərinin geniş yayılması Azərbaycanda Günəşlə bağlı inancların geniş yer tutduğunu göstərir. Günəşə, şüaya inam türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin mifologiyasında əks olunub. Azərbaycan folklorunda günəş və ayla bağlı xeyli əfsanələr var. Bu nümunələr günəşə tapınmanın qədim tarixi kökləri olduğunu göstərir. M.Seyidov apardığı araşdırmalara dayanaraq qeyd edir ki, bir çox xalqlarda olduğu kimi azərbaycanlılarda da Günəş Tanrısı – şüa, zoomorfik onqon və insan kimi təsəvvür edilib. Günəşin mifləşdirilməsi, Günəş tanrısına inam şübhəsiz ki, onun təbiətin məhsuldar qüvvəsinin başlanğıcı olması ilə bağlıdır. Bu, günəşli günlərin insanların həyatında mühüm yer tutduğunu göstərir".
Q.Sayılov "Azərbaycan etnokulturoloji sistemində xalq bayramlarının yeri" məqaləsində ilk dəfə olaraq Günəşin dünya modelini təqdim edib: "İbtidai insanlar Günəşə qeyri-adi varlıq kimi baxırdılar. Elə əslində indi də qeyri-adi varlıqdır. Elm nə qədər inkişaf etsə də, bir çox müəmmalar açılmamışdır. Əcdadlarımız isə Günəşin Dan oğlu, yəni Dan ilahəsinin oğlu olduğu iddiasında idilər. Qədim türklər Tanq Uiri, daha sonra Tenqri kimi çağırdıqları Günəş Tan oğlu anlamını verirdi. Günəşin doğması insanlara sevinc bəxş edirdi, çünki Günəş doğarkən təbiət oyanır, ərzaq bolluğu yaranırdı. İbtidai görüşə malik insanlar Günəşin şərəfinə qurbanlar kəsirdilər. Qobustan qayalarındakı 25 min illik mədəniyyətin təsvirləri də insanların Günəşi kutlaması ilə bağlıdır. Eləcə də Kəlbəcər qayaüstü rəsmlərində Kəhər atın Günəşə qurban verilməsi təsvir olunub".
Günəş həyat verməklə, torpağı canlandırmaqla, bitkiləri cücərtməklə yanaşı, həm də yandırıb-yaxır. Məhz buna görə qədim insanlar günəşə yalvarıb, ona sitayiş ediblər. Bəlkə bu yolla da olsa canlarını günəşin yandırıcı şüalarından qoruya bilsinlər. Günəşin bu xüsusiyyəti nəhayətdə ona tapınmağa gətirib çıxarıb. İbtidai insanlar günəşin böyüklüyünü və gücünü qəbul edib ona pərəstiş ediblər.
Bütün xalqlar, eyni zamanda azərbaycanlılar da odu, atəşi müqəddəs sayıblar. Müqəddəs saydıqları üçün də odun şəninə müxtəlif mərasimlər keçiriblər. Əcdadlarımız günəşi od mənbəyi sayıblar. İnsanlarda belə etiqad yaranıb ki, günəşə, oda həmişə inam gətirmək gərəkdir. Odla zarafat etmək, oda su atmaq, odla oynamaq günah sayılıb. Xalqıımızın Novruzda od yandırması da Günəş kultu ilə əlaqədardır. Araşdırmalardan məlum olduğu kimi, "Novruzla bağlı ilkin inanclar və mərasimlər (od kultu, günəşin ilahiləşdirilməsi, xeyir və şər arasında mübarizə ideyası və s.) qədim İran mənbələrində "sana", yunan mənbələrində "skit", "Avesta"da "tur" və ya "turanlı", müasir rus elmi ədəbiyyatında isə "skif" adlandırılıan etnoslar arasında yayılıb".
Miladdan öncə I minilliyin birinci yarısında sana tayfaları Baykal gölündən Qara dənizə qədər uzanan Avrasiya çöllərində məskunlaşıblar. İranlıların "tur"lar adlandırdığı bu xalqların Günəş kultu ilə bağlı bir çox inancları mövcud idi. Onlar Günəşin şərəfinə Novruz ərəfəsində çərşənbələrdən birini od çərşənbəsi adlandırıblar. Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər. Tədqiqatlarda oxuyuruq ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqallar yandırıb ətrafda dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Günəşin şəninə qoşulan el nəğmələrində dərin bir inam əks olunardı:
Göydə uçar bir maya,
İşıq salar dünyaya.
Göydən durar qızıl daş,
Dünya əyər ona baş.

Bayatıda Günəşin obrazı canlandırılıb. Günəşin milli folklorumuzda simgəsindən biri də "qızıl yaylıq"dır. Bu yaylığın sahibi isə dünyadır. Bu deyimlərdən gələn mənanı araşdırdıqca xalqımızın hələ qədimdən sülhsevər, bəşəri hisslərlə çırpınan böyük ürəyə malik olduğu duyulur. Od-ocaq sevgisi insanlar arasında bir sınağa, inanca çevrilib. Andlar, alqışlar, qarğışlar insanın oda münasibətidir. İnandırmaq üçün "Od haqqı" deyiblər. Alqışlarda "ocağın odlu, qazanın qaynar olsun" söyləyiblər. Qarğışların ahəngindən isə vahimə tökülüb. "Ocağın qazan görməsin", "İçinə od düşsün", "Od-ocağa həsrət qalasan" – deyiblər.
İlkin mədəniyyətlərdə odun ilk simvolu günəş sayılıb. Çünki günəş həyatın və varlığın yaradıcısıdır. Bu səbəbdən də törənən inanclarda, bilməcələrdə qətiyyətlə bildirilib: "Günəş düşən yerdə xəstəlik olmaz", "Günəşə and olsun", "Gün güzəranlıq gətirər", "Ocağın odlu olsun, qazanın qaynar". Günəşlə bağlı bayatı və tapmacalar da maraqlıdır:

Oturmuşdum səkidə,
Ürəyim səksəkədə.
Göydən bir alma düşdü,
Bir qızıl nəlbəkidə. (Günəş)

Qazdım, qazdım qum çıxdı,
Qumdan miyanə çıxdı.
Şər vaxtı ölən oğlan
Sübhdən bazara çıxdı. (Günəş)

Təbiətin oyanmasını, yazın şahlıq çağını özündə təmsil edən yaz bayramı xalqın təsərrüfat məişətindən, iqtisadi güzəranından yaranıb. Bu barədə mənbələrdə qiymətli məlumatlar var. 1637-ci ildə Şamaxıda olmuş və Novruz bayramında iştirak etmiş Adam Oleari yazır ki, "Astroloq stolun arxasından tez-tez öz üstürlabı ilə Günəşi müşahidə edir, saata baxır, beləliklə günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatdığı anı müşahidə edirdi. Elə ki gözlənilən dəqiqə çatdı, o, ucadan yeni ilin gəlişini elan etdi. Dərhal yaylım atəşi açıldı. Şəhərin qala divarları və bürclərin hər yerindən gəranay çalındı, təbillər səsləndi. Beləliklə də böyük şənlik bayramı başladı".
Çox qədimdən üzü bəri bayram şənliklərində mahnılar oxunar, rəqs edilər, yallı gedilərmiş. Novruz bayramı ilə həmahəng səslənən, xalqın sevincinə səbəb olan Novruz musiqi avazı olub. Xalqımızın "Novruzu" rəqs melodiyası da bayramla əlaqədar yaranıb. O da tarixən məlumdur ki, Novruzxan adlı müğənnilər (ozanlar) yaz bayramı şənliklərinin yaraşığı olmuş, bu mərasimi vəsf etməklə dinləyicilərə sevinc, şadlıq bəxş ediblər. Yəqin ki, tarixi bayram şənliklərində ibrətamizliklə dolu bayatı söyləmək, mahnı oxumaq və deyişmələrlə yanaşı, müxtəlif rəqslər, güləş, tutaş, dirədöymə, cıdır və onlarla başqa əyləncələr icra olunub.
Novruz bayramı həm də od-atəş, yanar Günəş bayramıdır. Havalar mülayimləşdikcə güllər-çiçəklər yarpaqlayır, çiçəkləyir, ləçək tökür. Bu zaman novruzgülü kimi göz oxşayan, könül xoşlayan zərif yarpaqlı, incə saplaqlı, xoş ətirli, kövrək qəlbli bitkilər öz adlarını yaz bayramından – Novruzdan götürüblər. Tər bənövşələr, yasəmənlər bu yazda oyanır, ətir saçır. Od çərşənbəsində açılan süfrələr də zəngin olmalıdır. Burada quru meyvələr, müx-təlif şirniyyatlar, süd, su mütləq qoyulmalıdır. Bütün çərşənbələrdə süfrənin şahı plovdur. Buğda Su çərşənbəsində isladıldığı üçün səmənini ancaq Axır çərşənbədə və Novruzda süfrəyə qoyarlar. Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, "Çərşənbən mübarək" – deyərlər. "Ağrın-acın odda yansın, yel dərd-qəmini aparsın" söyləyərlər. Bu alqışlar həm də ona işarədir ki, qarşıdakı əziz gün Yel çərşənbəsi olacaq.

Vüsal Abıyev