“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit Ədəbiyyat

“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit

2-ci yazı

"Qeser"lə avropalıların ilk tanışlığından başlayaraq dastanın gerçək tarixi-mədəni əhəmiyyətini, qiymətini almasınadək Avropa, rus folklorşünaslığında bəzi tədqiqatçılar tərəfindən bunu yaradan ural-altay xalqlarının bütün maddi-mənəvi dəyərlərinə, nümunələrinə belə səhv vulqar-şovinist, irqçi münasibət göstərilib. Hiss olunduğu kimi, Steyn, Şou, Qryünvedel və bunlar kimi düşünənlər, maddi və ruh dünyaları arasındakı qarşılıqlı tarazlıqları, əlaqələri, birinin o birində əks olunub təzahür etməsini, çevrilmələri olduğu kimi dərk etməyə cəhd göstərməyiblər. Bəşəriyyət tarixində türklər tərəfindən ilk dəfə Tək Tanrı (Uca Göy) ruh anlayışının dərk edilməsinə (bunlardan şumerlərə, sonra da semit-hamitlərə təsir edib), qədim Çində hind-avropalılar səviyyəsində fəlsəfi-dini, mədəni-mənəvi cərəyanların, müasir elmi inkişafın bir-çox sahələrinin ilk əsaslarının qoyulmasına baxmayaraq, sarı-monqol irqə mənsub olan xalqlarda əsas genetik maddi-ruh xüsusiyyəti, keyfiyyəti əxlaqi-mənəvi dəyərlərə, örf-adətlərə, törələrə bağlılıq, qəhrəmanlığa, fatehliyə aludəçilik alışqanlığı, haqq, ədalət uğrunda özünü qurban vermək – alturizmdir. Təsadüfi deyil ki, məhz bu yüksək keyfiyyətlərinə, xüsusiyyətlərinə görə də ural-altayları xristianlıqda "tanrının qamçıları", Qoq-Maqoqlar, islamda isə "allahın əsgərləri, haqqın qoruyucuları", Yəcuc–Məcuclar adlandırıblar. Bununla yanaşı, sarı-monqol irqə mənsub ural-altay xalqlarından monqol-mancurlarda və ön cəbhədə duran türklərdə, macarlarda qəhrəmanlıq, fatehlik dəyərləri daha qabarıq keyfiyyətdədir.
Semit-hamit mənəvi-ruh dünyasında dinlər arasındaki fərqliliklərə, ayinlərdəki bənzərsizliklərə, halal-haram qanunlarındakı kəskin təzadlı qadağalara baxmayaraq, son məqamda peyğəmbərlərin şəcərəsində, onların müqəddəs sayılmasında, ümumi və ortaq əcdadlar kimi qəbul edilmələrində birlik yaranır. Zahiri cəhətdən fərqli, mahiyyətcə uyğun-yaxınlıq hind-avropalı xalqlar arasında da mövcuddur. Onlar da soydaşları olan qədim yunan, ellin mədəniyyətini özləri üçün milli-genetik ölçü-etalon, əcdad ruhu səviyyəsində mənimsəyib təbliğ edirlər, qoruyurlar. X əsrdən dünya tarixində varlıqları məlum olmağa başlayan ruslar, slavyanlar özlərinin məchul qədim tarixləri əvəzinə yunan mədəniyyətini, bunlardan əxz olunmuş ortodoks (pravoslav) xristianlığı ifrat dərəcədə qısqanclıqla özəlləşdirib mənimsəyblər. Müasir dövrdə də, orta əsrlərdə olduğu kimi, slavyan-rus əsilli elm-din xadimləri İstanbulu Konstantinopol – Çarqrad adlandırırlar. Həmin ruslar, digər hind-avropalı xalqlar, yəhudilər, ərəblər, bilərəkdən və ya bilməyərəkdən, hind-avropalıların, semit-hamitərin öz qapalı daxili aləmlərində bir-birlərinə olan yaxınlıqlarından da yaxın maddi-mənəvi birliklərə malik ural-altay xalqlarını, onların digər soydaşlarını, irqdaşlarını fərqli, yad maddi-ruh aləmlərinə aid edib bölürlər.
Müasir dünyanın qloballaşma, mədəniyyətlərin yaxınlaşması adı altında yaranmış siyasi-iqtisadi, mədəni həyatından açıqca hiss olunur ki, pərdə arxasında daha çox etnik, genetik dəyərlərin, ortaqlıqların çıxarları güdülür. Bütün mənfi, müsbət cəhətlərinə baxmayaraq, bəşəriyyət tarixinin son dövrü üçün yeni inkişaf mərhələsi olan və fərqli dil ailələrinə, irqlərə, dinlərə aid yüzlərlə xalqları, dövlətləri birləşdirən sosializm quruluşu, SSRİ dövləti bilərəkdən dinc yolla dağıdıldı. Buradan ayrılmış bir sıra dövlətlər, xalqlar açıqca etnik, genetik yaxınlığa, keçmiş xristian mənəviyyatına görə Avropa Birliyinə daxil edildi, bu ənənə yenə də davam etdirilir.
Ural-altay xalqları arasındakı ortaq genetik birlik, maddi-mənəvi yaxınlıq fərz edilən səviyyədən də yüksəkdir. Bu ortaqlıq, yaxınlıq nə qədər güclüdür ki, bu gün də hun imperatoru Attila, I, II Göy Türk xaqanlığının qurucuları olan Bumın, İstəmi, Bilgə, Kül-Tigin xaqanların hansı soydan, tayfadan (monqol, türk, hun, syanbi), Çingiz xanın monqol, yaxud da türk olmaları heç bir əhə¬miy¬yət daşımır. I Göy Türk xaqanlığının qurucularından İstəmi xaqanın adı da türkcə deyil, uqor (finmacar) mənşəli əcdad ruhunu bildirir. Onların hər biri ortaq qəhrəmanlıqlarına, şanlı-şöhrətli tarixlərinə görə monqollar, türklər, fin-macarlar üçün eyni dərəcədə, səviyyədə əziz, müqəddəsdirlər.
Türklərlə monqollar arasında m.ö. III, m.s. XIII əsrlərdə (şərqi sarı hunlar, Mətə xan, Çingiz xan) və türklərlə macarların əlaqəsi m.s. IV-X əsrlərdə (qərbi ağ hunlar, Atilla) müasir oğuz, qıpçaq türklərinin birliyi səviyyəsində idi. Təsadüfi deyil ki, yaşı iki min ildən də çox olan "Qeser" dastanlar silsiləsinin baş qəhrəmanı Qeser eyni səviyyədə monqol, tibetli, yaxud da türk qəbul edilir. Eyni dərəcədə də oyratlar, buyratlar monqollara və ya türklərə, çuvaşlar fin - macarlara, yaxud da türklərə aid edilirlər. Müasir elmi dünyada şorlar, qaraçay-balkarlar, başqurdlar, tatarlar haqda da bənzəri ikili fikirlər hakimdir. XX əsrin ikinci yarısına qədər altay nağıllarını, dastanlarını (kay çörçök) çox zaman oyrat (monqol-kalmık) epik yaradıcılığı kimi də qiymətləndirirdilər. Bütün bunlar yaxın tarixi keçmişdə ural-altaylar arasındakı milli-genetik yaxınlığın hind-avropalılardan da, semit-hamitlərdən də yaxın olmasını şərtləndirən səbəblərdəndir.
XIII əsrin ortalarından başlayaraq iki əsrdən çox davam edən zaman ərzində monqollar İran, Azərbaycan, İraq, Suriya, Kiçik Asiyada və s. yerlərdə yerli türklərlə qaynayıb-qarışırlar, islamı qəbul etməklə birdəfəlik türkləşirlər. Müasir dövrədək həmin ərazilərdə monqolların uzun müddətli var olmaları ilə əlaqəli minlərlə yaşayış məskəni, ərazi, dağ, tayfa və s. adları özlərini qoruyub saxlayıb. Bu mövzu iri həcmli, hərtərəfli dərin və geniş araşdırmanın işi olduğu üçün, nümunə olaraq bəzi misallar vermək yetərli olardı.
Qədim dövr mifoloji düşüncəsinə görə tayfaların, tayfa birliklərindən ibarət siyasi-hərbi təşkilatların, onların başçılarının adlanması əsasən yüksək səviyyəli ruh anlayışlarından, köklü dünya təsəvvürlərindən, hami ruhlardan yaranırdı: hurrit, etrusk, massaget-skif, hun, oğuz, kuman, İstəmi, Tonyukuk və s. Orta əsrlərdə artıq bu təsəvvür dastançılığa keçidlə əlaqəli hiss olunacaq dərəcədə zəifləyir və tayfa, xalq, dövlət adları daha çox törəməsində, quruculuğunda təsir etmiş nüfuzlu şəxslərin ad-sanını qoruyub saxlayır. Bunlardan tarixdə səlcuqlar, danişməndilər, artukoğulları, şeybanilər, səfəvilər, osmanlılar və s. məlumdurlar. Həmin səbəblərdən – məşhur şəxsiyyət və tayfa adlarından, həm də yaşayış məskənləri ad alırdı. Hülakilər dövrü ilə əlaqəli Cənubi Azərbaycanda Sulduz yaşayış məskəninin adlanması da birbaşa monqol tayfası sulduzla əlaqəlidir. Naxçıvanda, Təbriz yaxınlığında Xalxal yaşayış məskənləri, çox yəqin ki, xalxa buryat-monqol tayfası ilə Naxçıvandakı Badaşqan kənd adı da Orta Asiyadakı Bədəkşan əyalət adının nisbətən dəyişilmiş şəkilləridir.
Ağbaba-Şörəyeldə (Şirak-El) Qazançı (Culfada da eyni adlı yaşayış məskəni, körpü adı var) Cələb, Cəbəçi yaşayış məskən adları böyük ehtimalla, Qazan xanla, Cəbə noyonla, çələb monqol-türk tayfa adları¬nın təsiri ilə yaranıb. Ciloyxanın yaylası (Ağbaba) "Manas"da kalmık xanı Ciloyxandan yaranma addır.
Tibet, Lin "Qeser"inin kam mətnində qəhrəman 9-cu hissədə Cənubun hökmdarı Çan-Kriya qarşı yürüş edir. Ankara yaxınlığındakı böyük yaşayış məskəninin Çankırı adlanması, yəqin ki, təsadüfi oxşarlıq deyil, hülakilərin birbaşa bu bölgələrdə varlığı ilə əlaqəli yaranıb. "Qeser" dastanının bəzi mətnlərində qəhrəmanın taqziklərlə (Tazik), İran dövləti ilə müharibələri təsvir olunub (Tibet dastanının kam "Lin Qeser" mətni), Steynin yazıya aldığı mətndə. Yəqin ki, Çan-Kriyə yürüş Hülaki xan dövründə xalq tərəfindən dastanlaşdırılıb və bəzi monqol-türk tayfalarının sonralar geri, öz vətənlərinə qayıtmaları ilə də "Qeser" dastanına əlavələr edilib. Digər cəhətdən də həmin dastanın 9-cu hissəsində Xi-tşo ölkəsinin cənubundakı monların xanı Çin-Kxrının tabe edilməsi hadisəsi monqolların yaddaşında Kiçik Asiyaya gətirilərək Çankırının adlanmasında təsirini göstərə bilərdi. Çan-Kri, Çankırıdaki çan kökü çin mənşəli "çen" – ictimai dərəcə (titul), monqollarda "çino" (şena) qurd mənası birdirməklə "Çənlibel" dağ kultunda da özünü göstərib. Kri kökü də tanrı, tenqri anlayışının dəyişik şəkli kimi adda tanrının kutunu (qoruyuculuğunu) almış xeyirxah qurd mənası daşıyır. Çan-Kri özünü "Çingirdağ" (Tanrı dağ, Azərbaycan) şəklində də qoruyub. Çin kökü həm də İstəmi xaqanın adında iştirak edən "tam" (əcdad) kökü ilə birlikdə Çingiz xan və Temuçində əcdad börü ruhu bildirir. Dastanın fərqli mətnlərindəki belə hissələr (boylar) yaranmasına təsir etmiş tarixi qatlıq cəhətdən diqqəti cəlb edir. Çin qaynaqlarında verilmiş "çenli qudu şanyuy" ad-sanında "çenli"nin "göy" kimi mənalandırılması ilə "Koroğlu"da Çənlibelin uca dağın başında yerləşməsi (tanrıya yaxın olmaq, müqəddəs dağ inancı) arasında da birbaşa mifoloji-genetik əlaqə var.
F.Rəşidəddinin "Oğuznamə"sində monqolların (moğolların) mənşəyinin Kür xan, Küz xan, Or xanla əlaqələndirilməsi də təsadüfi hal deyil, türklərlə, monqolların qədimdən ekiz qardaş kimi bir genetik maddi-mənəvi dəyərlərə malik olmalarının doğru dərk edilməsidir. Bu cəhətdən də Əbül-Qazinin "Türkmənlərin şəcərəsi"ndə Monqol-Tatarı Oğuz xandan da önə çəkməsi xüsusi qeyd edilməlidir. Oğuz atası Qara xanın dövlətini iki hissəyə bölüb "Bir Tanrı"ya inanan öz tərəfdarlarından fərqli olaraq atası Qara xanı, əmiləri Kür xanı və Küz xanı müdafiə edənlərə "moval", "moğal"(monqol) tayfa adını verir. Bu hal da Qara xan (Kayra xan, "Yaradılış") dövründə mifoloji şüurun hakimliyinə, ural-altay xalqlarının genetik-etnik birliyinə işarədir. Gerçək tarixi siyasi-mənəvi və ruh səviyyəsində ural-altay xalqlarının hər biri: fin-macarlar, monqol-mancurlar, türklər öz aralarında belə irqi-mənəvi saflıqlarına çox qısqanc olurlar. Lakin böyük qədim genetik-etnik ruh makro həcmdə buna şans vermir. Buna görə də hər biri üçün bunlara aid hami ruhlar, ilkin əcdadlar, böyük tarixi, nüfuzlu şəxsiyyətlər eyni dərəcədə yüksək dəyərdə tutulur. Bəzi "Oğuznamə" mətnlərdə monqolların Oğuz xandan törəməsi qeyri-adi görünməməlidir. Bu cəhətdən türkmən mətnlərindən bəzilərində Salur Qazanın Kalmık xanın oğlu kimi verilməsi həmin ortaq ruh birliyinin əks olunmasıdır. Qəlibləşmiş müasir elmi ölçülərlə, tarixi-siyasi məqsəd ilə belə vəziyyətləri qəbul etməmək ruh birliyini inkar etmək nəticəsində yaranır.

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru