Oğuz eposu ilə bağlı kitab Ədəbiyyat

Oğuz eposu ilə bağlı kitab

"Oğuz eposunun ritual əsasları" monoqrafiyası maraqlı tədqiqat əsəridir

Ağaverdi Xəlilin "Oğuz eposunun ritual əsasları" monoqrafiyası oğuz eposunun arxaik ritual əsasları, genetik və tipoloyiya xüsusiyyətlərindən bəhs edir. Kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, rəyçiləri filologiya üzrə elmlər doktorları, professorlar Kamil Hüseynoğlu, Ramil Əliyev və İslam Sadıqdır. AMEA Folklor İnstitutu xəttilə buraxılan kitab alman şərqşünas alimi, "Kitabi-Dədə Qorqud"un ilk tədqiqatçısı Henrix Fridrix fon Ditsin xatirəsinə həsr olunub.
İngilis tədqiqatçısı M.Vilsonun "Ritual insan cəmiyyətini anlamağın açarıdır" cümləsinin kitaba epiqraf verilməsi təsadüfi hal daşımır. Çünki müəllifin 11 səhifəlik giriş yazısının məğzi başdan-başa ritualın insan həyatında və eposdakı yerini və mahiyyətini aydınlaşdırmağa yönəldilib və burada ritualın cəmiyyət hadisəsi kimi mühüm rolu təhlil olunub.
"Əski oğuz cəmiyyətinin ritual mədəniyyəti özünün qədimliyi, zənginliyi və rəngarəngliyi ilə seçilir. Buraya oğuzların soy, boy, toy, düyün, şölən, sığır, yağma və s. ritualları, bayramları, şənlikləri daxildir. Əski oğuz ritual kompleksi özünün ən aydın əksini oğuz eposunda tapır. Bu baxımdan oğuz eposu həm də əski oğuz mədəniyyətinin öyrənilməsi üçün zəngin qaynaqdır.
"Ritual" Avropa mənşəli bir termindir və öz başlanğıcı etibarilə ibtidai cəmiyyətin hərəkət və söz kompleksindən ibarət mədəni hadisəsini bildirir. İbtidai cəmiyyət dövrünə aid olan rituallara "arxaik ritual", orta əsrlər dövrünə aid olanlara isə "ritual", "mərasim" və ya konkret ritualın adı ilə müraciət edirik. Bu baxımdan ritual terminologiyasında da rəngarənglik müşahidə olunmaqdadır".
Bu cümlələrdən aydın görünür ki, Ağaverdi Xəlil ritual kompleksinin oğuz eposuna transformasiya olunmaqla günümüzədək gəlib çatdığı fikrindədir. Məhz məsələyə bu kontekstdən yanaşdığındandır ki, o, eposun ritualdan qaynaqlandığına işarə edərək yazır: "Arxaik ritualdan qaynaqlanan oğuz eposunun orta əsrlərin sonlarında yarandığını düşünmək tamamilə yanlışdır. Çünki eposun içində daşıdığı və eposu strukturlaşdıran və modelləşdirən sxem, kod və məlumatın önəmli bir hissəsi ritual mənşəlidir. Ritualın tarixi isə çox qədimdir və hətta qeyri-müəyyəndir. Ən qədim insanların da özlərinin oynadıqları oyunlar olmuşdur. Bu, yaradılışın təbiətində və təbii şəkildə mövcuddur. Animist görüşlərin, ruhlara inanmanın, magiya və sehrin nə zaman meydana gəldiyi də bilinmir. Əldə olan arxeoloji materiallar bu tarixi 400 min il öncəyə qədər hesablamağa imkan verir. Daha çox tarixi və siyasi inkişafı nəzərdə tutan etnos nəzəriyyəsi də ən qədim dövrə münasibətdə özünü doğrultmur".
Burada yürütdüyü nəzəri fikirlərini alim bir qədər sonra konkret epos mətnləri üzərinə isnad etməklə davam etdirir: "Oğuz eposunun məlumat səviyyəsində arxaik ritual və mifoloji qatdan sonra animist və totemist təsəvvürlər dövrü bitir. Totemizm və tanrıçılıq görüşlərinin hər biri eposda bir qat formalaşdırır. Bununla yanaşı, eposda eramızdan əvvəl III-I minilliklər dövrünün hadisələri özünün motivlənmiş şəkildə ifadəsini tapır. Bu dövr öz izlərini "Yaradılış", "Köç", "Ərgənəkon" və başqa bu kimi arxaik eposda saxlayır. "Şu xaqan"ı Saka imperatorluğu dövrü ilə, "Oğuz Kağan"ı Hun imperatorluğu dövrü ilə, "Boz qurd"u" Aşina Göytürk Kağanlığı ilə əlaqəli izah etmək lazımdır. Bundan sonra orta əsrlər dövrünə aid tarixi hadisələrin izlərinə rast gəlmək tamamilə təbiidir. Çünki epos şifahi ənənədə uzun zaman mövcud olub və söyləyici öz dövrünün çox önəmli hadisələrini ora daxil edib. Məsələn, Osmanlı dönəmində "bu dediyin Osmanlı nəslidir" deyilməsi söyləyici ozan üçün hətta vacib sayılmalıdır. Dövrün padşahına xoş sözlər söylənilməsi bir ənənə hadisəsidir. Həmin yerdə "Oğuz nəslidir" ifadəsi olsaydı, eposda yenə də heç nə dəyişməyəcəkdi. Elxanilər dövrünün, Bayındırın, Salur Qazanın da adları Hülaki hakimiyyəti şəraiti üçün ifaçı ozan tərəfindən söylənilməsi vacib məsələlərdəndir. Oğuzların İslam dinini qəbul etdikləri X əsrdən sonra islami elementlər həm islamın təbliği üçün, yəni auditoriya üçün, həm də müsəlman oğuz ozanı, yəni söyləyici üçün önəm daşıyır. Bundan kənarda qalan məlumatların nə orta əsrlərin tarixi hadisələri ilə, nə də islam dini ilə əlaqəsi yoxdur. Bəzi "boy"larda, məsələn, "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda İslam dininin ölüm mələyi Əzrayılla tanrıçılıq dininin bənzər funksiyanı icra edən "yumuşçı"sı Domrulun qarşıdurması əski oğuz sivilizasiyasının özünü mühafizə gücünün tükəndiyini və süqutunu göstərməkdədir. Bu mənada boyları əski oğuz sivilizasiyasının epik nümunələri olaraq dəyərləndirə bilərik. Oğuz eposu bu bitmiş epoxanı bütün dəyərlər sistemi ilə birlikdə orta əsrlər mədəniyyətinə ötürə bilib".
Göründüyü kimi, Ağaverdi müəllim ayrı-ayrı eposların adlarını çəkməklə onların hər birinin öz məhvərində müxtəlif dövlətin tarixi hadisələrinin izlərini qoruyub saxladığını açıb göstərir. Eyni zamanda şifahi ənənədə eposun söyləyici repertuarı vasitəsilə əlavə yüklənmələrə məruz qaldığını bildirir. Və bunun hər dövrə müvafiq olaraq dəyişə biləcəyini göstərir. Yəni əski oğuz eposu qaynaqlandığı əski ritualları özündə qoruyub saxlamaq şərti ilə söyləyicinin ona elədiyi kuntaminasiyaları, əlavə xalları ilə birlikdə özündən sonrakı mədəni sivilizasiyaya gətirib çatdıra bilib. Bu zaman sadəcə tədqiqatçıdan bu layları-eposun özündən gələn qədimliyi və eposa edilən əlavələri bir-birindən ayırd etmək düşüncəsi tələb olunur ki, məhz A.Xəlil də bu kimi incə məqamların hansı nöqtədə kəsişməsi və bitişməsi hallarını şərh edir. Bütün bu kimi məsələləri dərinliyinəcən araşdıran alim hətta eposun ritualla iç-içə girən struktur-modelinə də elmi baxımdan aydınlıq gətirərək yazır: "Bütün bunlarla yanaşı, oğuz eposunun əsas qaynağı arxaik ritualdan başlanır və ritual sxemi, kodu və məlumatları eposun əsas strukturunu formalaşdırır. Ritualın bir gerçək əhvalat kimi danışılması, onun təsvir olunduğu hekayət eposun əsas qaynağıdır. Ritual eposa hazır sxemlər verir, ritualın personajı obraza, ritual hərəkətləri motivə, ritual prosesi süjetə çevrilir. Bir və ya bir neçə ritual eposun süjetini formalaşdırır. Ritual təhkiyə yolu ilə genişlənir və ritualda baş verənlər dastan şəklinə düşür. Bu prosesi biz "ritualın narrativləşməsi" adlandırırıq. Ovla bağlı ritual ova getmə süjetində, doğumla bağlı ritual övladsızlıq süjetində, ad vermə ilə bağlı ritual qəhrəmanın ad alması motivində və s. transformasiya olunaraq davam edir. İnisiasiya (ölüb-dirilmə) və statusdəyişmə ilə bağlı rituallar eposun buna uyğun süjetlərində öz əksini tapır".
Bu minvalla Ağaverdi Xəlil ritualın eposa hazır sxemlər verdiyini və bütövlükdə isə eposun süjetini formalaşdırdığını təkzibedilməz bir şəkildə əsaslandırır. Özünün də qeyd etdiyi kimi, "monoqrafiyada türk xalqlarından biri olan oğuzların zəngin ritual mədəniyyətinin eposa transformasiya olunması prosesinin filoloji və kulturoloji aspektləri araşdırılıb. Ritual strukturlarının epik sistemə transformasiyası və eposun bir janr kimi yaranmasında oynadığı önəmli rolu aydınlaşdırılıb. Ritualın "narrativləşməsi" konsepsiyası oğuz eposunun materialları əsasında şərh edilib. Eposun ritual əsaslarının təhlili ilə mənəvi dəyər seqmentləri və epik modelləşdirici sistemin sintezi, strukturu və tipoloji xüsusiyyətləri müəyyənləşdirilib".
Bəli, filologiya üzrə fəlsəfə doktoru, dosent, filologiya üzrə fəlsəfə doktoru, dosent, bir sıra dəyərli elmi kitablar müəllifi kimi tanınan folklorşünas alim Ağaverdi Xəlilin "Oğuz eposunun ritual əsasları" adlı fundamental araşdırması ilə ritual və epos mədəniyyəti arasında tarixən mövcud olan qırılmaz bağların sirlərinə aydınlıq gətirdi. Eposa transformasiya prosesinin ardıcıl mərhələlərini elmi şəkildə izah etdi və söyləyici repertuarında zamanla eposun dəyişikliyə uğramasının səbəblərini açıb göstərdi. Özünəqədərki tədqiqatçıların da əsərlərinə istinad edərək, mövcud elmi fikirləri davamlı şəkildə inkişaf etdirdi və orijinal bir tədqiqata imzasını qoydu. Ritual və eposun struktur-tipoloji əlaqələrini araşdırıb, Azərbaycan folklorşünaslığına dəyərli bir elmi əsər bəxş etdi. Folklorşünaslıqda özünəməxsus yaradıcılıq dəsti-xətti olan Ağaverdi müəllimə elmi fəaliyyətində bundan sonra da yeni-yeni nailiyyətlər arzulayırıq.


Şakir Əlifoğlu
filologiya üzrə fəlsəfə doktoru, dosent