“Ordumuz hər cəhətdən ermənilərdən güclüdür” Siyasət

“Ordumuz hər cəhətdən ermənilərdən güclüdür”

Dadaş Rzayev: "Ermənilər Azərbaycan tərəfinin hər an hücuma keçəcəyindən qorxurlar"

Fəzail İbrahimli: "Ermənistan müharibə edə biləcək durumda deyil"


Son günlər cəbhədə erməni təxribatları intensiv xarakter alıb. Amma buna baxmayaraq Azərbaycan ordusu təxribatların qarşısını alır. Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan ordusu düşmənin üç pilotsuz uçan aparatını məhv edib.
Buna münasiubət bildirən sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib ki, ermənilər kəşfiyyat məqsədi ilə öz pilotsuz uçan aparatlarını Azərbaycan tərəfinə göndərirlər: "Onlar bu yolla Azərbaycanın nə vaxt hücuma keçəcəyini öyrənməyə çalışırlar. Düşmən tərəfi artıq Azərbaycanın hücuma keçəcəyindən qorxmağa bağlayıb. Mən bir general və keçmiş nazir kimi deyə bilərəm ki, bizim ordu erməni ordusundan 10 dəfə güclüdür. Onlar bizim ordunun gücündən qorxuya düşüblər. Ermənilər Azərbaycan tərəfinin hər an hücuma keçəcəyindən qorxurlar". D.Rzayev ermənilərin Azərbaycan tərəfinə göndərdikləri uçuş aparatlarının qiymətlərindən söhbət açıb: "Onların qiyməti çox yüksəkdir. Bununla da biz bir daha ermənilərə və onları müdafiə edənlərə sübut etdik ki, Azərbaycan ordusu hə an öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Ermənilər Azərbaycan ordusunun gücündən qorxuduqları üçün pilotsuz aparatları bizim tərəfə göndərirlər. Azərbaycan ordusu günü- gündən güclənir. Həmin pilotsuz aparatları ermənilərə Rusiya verir. Bununla da ordumuz ermənilərə sübut edir ki, Azərbaycan öz torpağını onlara verməyəcək".
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli qeyd edib ki, Ermənistanın hazırkı iqtidarı ölkədə iqtisadi, siyasi durumun ağırlığını görüb, bunun qarşısını ala bilmədikdə hansısa bir yolla cəbhədə hadisələr törətməklə xalqın fikirlərini başqa səmtə yönləndirir. Heç bir halda Ermənistan müharibə edə biləcək durumda deyil. Çünki hakimiyyət öz ixtiyarlarında deyil ki, istədikləri zaman müharibəyə başlasın. Xalqa söykənməyən bir hakimiyyət müharibə etsə belə, nəticələri olduqca ağır olar. İkinci bir tərəfdən isə onlar yaxşı bilir ki, Azərbaycan bu gün hansı səviyyədə siyasət yürüdür və hərbi cəhətdən qat-qat onlardan üstündür. Hesab edirəm ki, gündə bir pilotsuz təyyarə uçurmaqla Serj Sarkisyan ölkəsində siyasi sabitliyi bərpa etməyə cəhd göstərir".
"Ermənistanda vəziyyət gec-tez belə dəyişəcəkdi. Çünki xalqın güvənmədiyi, inanmadığı bir qrupun idarəçiliyi uçuruma yuvarlanmalı idi və bu gün həmin durum göz önündədir",- deyən millət vəkili qeyd edib ki, Sarkisyan və onun rejimi tamamilə kənardan idarə olunan, saxta yolla hakimiyyətə gələn bir qrupdur: "Onun apardığı siyasət Ermənistanda iqtisadi durumu ağırlaşdırmaqla, xalqın sosial vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb. Bu baxımdan xalq hakimiyyətə münasibətini aksiyalarla, piketlərlə ifadə etməyə vadar olub. Təbii ki, Ermənistan xalqı öz sözünü deməklə kənardan idarə olunan bu qrupu hakimiyyətdən getməyə təhrik edəcək ki, bu gün də olmasa sabah hakimiyyət dəyişikliyi baş verəcək".

Əli