“Bu adam 5 nəfəri müavin kimi yanında saxlaya bilmir” Siyasət

“Bu adam 5 nəfəri müavin kimi yanında saxlaya bilmir”

Niyaməddin Orduxanlı: "Necə əsas müxalifət partiyasının lideri olur?"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müavin sarıdan bəxti gətirmir. Partiyada sədr müavini postuna gətirilənlər çox keçmədən bu vəzifədən istefa verərək Əli Kərimlidən ayrılırlar. Yaxın bir neçə ay ərzində baş verənlər bunları təsdiqləyir. Bəs görəsən cəbhəçilərin tədricən Əli Kərimlidən uzaq düşməsinin başlıca səbəbi nədir? Və baş verən proseslərdən nəticə çıxaran Əli Kərimlinin ümumilikdə partiyanı buraxması mümkündürmü? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi müsahibədə cəbhəçilərin Əli Kərimlidən ayrılmasının səbəbləri barədə danışıb.
-Niyaməddin bəy, sizin AXCP ilə bağlı dedikləriniz tədricən özünü doğruldur. Bir müddət əvvəl Fuad Qəhrəmanlının Əli Kərimlinin yanından ayrılacağını demişdiniz. İnidiki məqamda Əbülfəz Qurbanlı Əli Kərimlini tərk etdi. Demək olarmı ki, növbədə Fuad Qəhrəmanlıdır?

-Əbülfəz Qurbanlının istefası sayca Əli Kərimlinin beşinci müavininin istefası oldu. Yəni, Əli Kərimlinin qısa müddət ərzində 5 müavini ondan imtina edib, istefa verib. Azərbaycanın siyasi tarixində Əli Kərimli "ilkə" imza atdı. Kimi özünə müavin təyin edirsə, çox qısa müddət ərzində ondan imtina edirlər. Fuad Müstafayev səssiz getmişdi. Sonra İbrahim Vəliyev, Asəf Quliyev və Razi Nurullayev. Müavinlərlə yanaşı son aylarda Əli Kərimlinin müşaviri vəzifəsində çalışan Şakir Abbasov, Rəsul Mirhəşimli, Zərifə Məhəddinova da var. 2000-ci ildə mərhum Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra Elçibəyin 8 müavini, müşavirləri, şöbə müdirləri və AXCP Rəyasət Heyətinin 19 nəfər üzvülərinin hamısı Əli Kərimlinin yanından imtina edib, istefa veriblər. Onların adını yazsam, çox vaxt aparacaq. Öz qohumluq əlaqəsi olan adamlar da Əli Kərimlinin yanından istefa veriblər. Bütün bu adamların istefa verməsinin yeganə səbəbi Əli Kərimlinin şəxsi ambisiyalarıdır. Bu adamla kimsə uzun yol gedə bilmir. Bu adam insanlara qul kimi baxır. Bunun düşüncəsinə görə hər kəs onun üçün çalışmalıdır və ona xidmət göstərməlidir. Əli Kərimli feodal təffəkkürlü insandır. Anındaca öz maraqları üçün istənilən müavini , işcisini ayaqlar altına ata bilir. Əli Kərimli üçün heç bir dəyər yoxdur. Bunun şahidi olanlar və onun əsl sifətini görənlər, istefa verirlər. O ki qaldı, Fuad Qəhrəmanlının istefasına, bu, mütləq baş verəcək və hər kəs də bunun şahidi olacaq. Bəzən elə addımlar olur ki, onu vaxtı-zamanı gələndə atırlar.
Artıq sosial şəbəkələrdə Əli Kərimlini məsxərəyə qoyurlar, lağ edirlər. Statuslar yazırlar ki, Əli Kərimli "Ginnesin rekordlar kitabı"na düşə bilər. Onun haqqında yazırlar ki, müavin vəzifəsini ləğv et. Bu qədər də istefa olar? Bu gün Əli Kərimlinin gülünc vəziyyətə düşməsinin və bütün bu istefaların səbəbi, onun hər kəsə etdiyi xəyanətdir. Bu adamlar bilməlidilər ki, Əli Kərimli öz sədri Əbülfəz Elçibəyə etdiyi böyük xəyanətin bədəlini ödəyir. Sanki bir görk olur ki, etdiyin xəyanətlər sənin qarşına çıxmalıdır. Kərimlinin yanlış siyasəti və bolşevik təfəkkürü onu bu vəziyyətə gətirib çıxarıb. Bu gün təcrübəsiz gənclər Əli Kərimlinin ətrafında olan prosesləri diqqətlə analız etməlidilər. Görməlidilər ki, bir neçə il Əli Kərimli üçün əziyyət çəkən Əbülfəz Qurbanlının istefası hansı səbəbdən oldu və buna niyə Əli Kərimli adı bir münasibət bildirmədi. Əbülfəzin istefasına münasibət bildirməyi özünə sığışdırmayan Əli Kərimlinin yanında qalmağa dəyərmi? Sabah həmin gənclər üçün hansı addım atar? Və digər tərəfdən niyə siyasətlə uzun müddətdir məşğul olan adamların, jurnalistlərin böyük əksəriyyəti Əli Kərimlini xəyanətgar adlandırır.

-Sizcə Əli Kərimli özündə güc tapıb partiyanı buraxa bilərmi?

-Qeyri mümkündür ki, Əli Kərimli özündə cəsarət tapıb partiyadan istefa versin. O partiyada "motros" Faiq də istefa versə, yenə də Əli Kərimli istefa verməz. O, partiyaya bir qrant layihəsi kimi baxır, imkan düşdükcə öz layihəsini icra edir. 20 idən artıqdir ki, Əli Kərimli heç bir işdə çalışmır. Ancaq bahalı maşında gəzir. Bağında bahalı it saxlayır. İtlə şəkil çəkdirib, facebookda yaymışdı. Oğlu İngiltərədə yaşayır, unversitetdə oxuyur. Bu adam hardan qazanır bu qədər pulu? Partiyanı buraxsa, Rusiyanın layihəsində, Qərbin Azərbaycana təzyiq kampaniyasında rol ala bilərmi? Əlbəttdə ki, yox. Partiya onun üçün gəlir mənbəyidir. Onu da heç kimə verməz...

-Belə bir zəif siyasi qüvvənin Azərbaycanın əsas müxalifət partiyası adına iddia etməsi nə dərəcədə məntiqlidir?

-Kimdir əsas müxalifət partiyası? Əli Kərimli? Bu adam 5 nəfəri müavin kimi yanında saxlaya bilmir, necə əsas müxalifət partiyasının lideri olur? Bu özünü güldürməkdən başqa bir şey deyil.