“İsrafçılığa yol verilməməlidir” Siyasət

“İsrafçılığa yol verilməməlidir”

"İlin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Gələn il hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də iqtisadiyyatımız artsın".
Bunu Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, hökumətin bir neçə gün əvvəl keçirilən iclasında gələn ilin büdcə layihəsi müzakirə edilib: "Artıq bununla bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir.

Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi.
Bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Lakin burada köklü şəkildə dönüş yaranıb. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaranıb. İnfrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti qeyd olunmalıdır. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək".
Dövlət başçısı dərman preparatları bazarının tənzimlənməsi işində çox ciddi dönüşə nail olunduğunu vurğulayıb və qeyd edib ki, sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək: "Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib".
Dövlət başçısı bildirib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: "Korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında "Asan xidmət"ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir, çoxlu qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi hər şey "Asan xidmət"də asan olacaq".
Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var, insanları incidirlər: "İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini "Asan xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "Asan xidmət"in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".
Dövlət başçısı qeyd edib ki, gələn il hökumət yeni situasiyada işləyəcək: "Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Əlbəttə, sahibkarlığın inkişafı üçün addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir şübhəm yoxdur".
Prezident Azərbaycanın maliyyə vəziyyətinin sabit olduğunu vurğulayıb: "Kifayət qədər valyuta ehtiyatımız var. Biz düşünülmüş siyasət apararaq ildən ilə valyuta ehtiyatlarımızı artırırdıq, bu il də Dövlət Neft Fondunun vəsaitini qoruyuruq".
Dövlət başçısının sözlərinə görə, vaxtilə alınmış bəzi əmlakların qiyməti düşdüyünə, xüsusilə avro, dollar məzənnələri arasında baş verən bəzi dəyişmələr edə fikir yarada bilər ki, Dövlət Neft Fondunun ehtiyatları azalıb: "Ancaq reallıqda baxanda görərik ki, Dövlət Neft Fondunun ehtiyatları azalmayıb. Çünki qiymətləndirmə və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusi ilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq. Biz bu səpgidə işləri görürük".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmür: "2016-cı ildə də biz uğurla inkişaf edəcəyik. Ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməli, yeni təkliflər verilməlidir. Ən əsası odur ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazım olmayan xərclərə yol verməyən büdcə olmalıdır".