ABŞ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır Siyasət

ABŞ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır

Con Kirbi: "Mülki şəxslərə yönəlmiş hərbi addımları pisləyirik"

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanın bir-birinə qarşı ağır silahlardan istifadə etdiyi barədə məlumatlar əldə etdiyini bəyan edib və tərəfləri güc istifadə etməkdən yayınmağa çağırıb.
"Biz Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatanlardan və digər ağır silahlardan istifadə etməsi, mülki əhali arasında itkilərin olması və kəndlərə ziyan dəyməsi barədə etibarlı məlumatlar əldə etmişik. Biz vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçiririk və mülki şəxslərə yönəlmiş istənilən hərbi addımları pisləyirik", - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.
O, tərəfləri mülki şəxslər arasında itkilərə yol verməməyə çağırıb.
"Biz gücdən istifadəyə dərhal son qoymağa, vəziyyətin sabitləşdirilməsinə, qətiyyətlə mülki əhali arasında itkilərə yol verməməyə çağırırıq", - deyə Kirbi əlavə edərək, tərəflərə ATƏT Minsk Qrupu çərçivəsində münaqişənin dinc yolla həlli yollarının axtarılmasına dair öhdəliklərini xatırladıb.