Baş redaktorlardan Avropa Parlamentinə etiraz Siyasət

Baş redaktorlardan Avropa Parlamentinə etiraz

Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. Liberal-demokratlardan ibarət fraksiyanın (ALDE qrup) hazırladığı qətnamədə Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının pozulduğu, normal seçki mühitinin olmadığı iddia olunur və Avropa Xarici Siyasət İdarəsi ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etməməyə çağırılır. Qətnamədə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqinə də çağırışlar edilir.
"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı hesab edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərarları və bu qərarların kimlər tərəfindən təqdim edilməsi, həmçinin qərarın qəbul edilməsində seçilən zaman həqiqətən də bu qurumun oyuncağa çevrildiyini sübut edir: "İlk növbədə, qətnaməni təqdim edən ALDE qrupuna nəzər salaq. Avropa Parlamentinin anti-Azərbaycan qərarları, demək olar ki, həmişə bu qrup tərəfindən gündəmə gətirilir. Bu, təsadüfdürmü? Təbii ki, yox. Faktlar göstərir ki, Avropa Parlamentinin öz prinsiplərindən kənar qərarlar qəbul etməsinə təsir göstərən erməni lobbisi bu qrupun tərkibində də yer alır. Misal üçün, Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsi nəticəsində Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad edilməsi zamanı Avropa Parlamentinin "narahatlığını" ifadə etməsi də məhz bu qrup tərəfindən təklif olunmuşdu. Bu və digər faktlar Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qərar və qətnamələrin arxasında erməni lobbisinin olduğunu göstərir". Aynur Camalqızı qeyd edib ki, AP-nin məlum qətnaməsinin Azərbaycanda seçki öncəsi qəbul edilməsi də qaranlıq məqsədlərə xidmət edir. Onun sözlərinə görə, bu, Azərbaycandakı seçki haqda öncədən mənfi ictimai rəyin formalaşdırılmasına xidmət edən addımdır: "Görünür, uzun zamandır başlanan anti-Azərbaycan kampaniyası hələ də davam edir. Avropa Parlamentinin bu qətnaməsi də onu deməyə əsas verir ki, Qərbdəki anti-Azərbaycan dairələri seçkilərlə bağlı bəyanat və qərarlarını indidən hazırlayıblar. Sadəcə olaraq, altına imza və tarix qoymaq qalıb. Bunun özü ortada Azərbaycana qarşı ciddi qərəzin olduğunu göstərir".
Aynur Camalqızı bu qətnamənin Azərbaycana heç bir təsirinin olmayacağını düşünür. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz xalqının daha yaxşı yaşaması və ölkənin daha da güclənməsi istiqamətində fəaliyyətini davam etdirir: "Ölkəmizin inkişafının qarşısını almağa hesablanmış bu cür qərəzli qətnamələr heç bir önəm daşımayacaq. Azərbaycan xalqı öz Prezidentinə, Prezidentsə öz xalqına arxalanır. Bu birlik bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli və islamafob münasibət göstərdi: "Avropa Parlamenti sübut etdi ki, bu qurum əslində öz əsasnaməsində olan fəaliyyət istiqamətlərini deyil, milli dövlətlərin daxili işlərinə qarışmaq yolunu tutub". Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü deyil və AP-nin bu qətnaməsi heç bir hüquqi əsasa malik deyil: "Madam ki, Avropa Parlamenti öz fəaliyyətini insan hüquq və azadlıqlarının üzərində qurur, o zaman ədalətli olmalıdır. Belə bir böyük qurum Azərbaycanda heç bir tədqiqat aparmadan, sorğu keçirmədən, seçki mühitini öyrənmədən qərəzli mövqelər ortaya qoyur. Bunun özü açıq qərəzin olduğunu sübut edir". Hikmət Babaoğlu qeyd edib ki, bu qurum Azərbaycanla bağlı qərarını ölkə daxilindəki "5-ci kalon"dan aldığı məhdud informasiyalar əsasında qəbul edib: "Lakin bu qərarın heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkədə seçki mühiti var. Bütün bunları Azərbaycan xalqı bilir. Azərbaycanda keçirilən seçkinin taleyini də xalq həll edir. Bu qərar Azərbaycanda hər hansı siyasi prosesə təsir etmək gücünə sahib deyil. Əksinə, bu, Avropa Parlamentini gözdən salır".