Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib Siyasət

Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Fransa Senatının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev Milli Məclisin tarixi, fəaliyyəti, müasir strukturu və xarici əlaqələri barədə məlumat verib.
O qeyd edib ki, dostluq qrupları sıx əməkdaşlıq edir, qarşılıqlı səfərlər həyata keçirirlər: "Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədədir. Fransanın çoxsaylı şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycan reallıqlarının Fransada tanıdılmasında, əlaqələrimizin inkişafında Heydər Əliyev Fondu mühüm rol oynayır".
Fransa Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Andre Rişard isə diqqətə çatdırıb ki, Azərbaycanın Fransada tanıdılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir: "Bunların sırasında Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir".
Qonaq bu mühüm tədbirlərə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan tolerant və münasibətlərin inkişafı üçün açıq ölkədir. Dostluq qrupunun rəhbəri ölkəmizdə şahidi olduqları inkişafdan, əlaqələrimizin durumundan məmnunluğunu bildirib. O, dostluq qrupunun müxtəlif sahələrdə əlaqələrin inkişafı istiqamətində səylərini daha da artıracağını diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında iqtisadiyyat, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.