“Bu təlimlərin ciddi əhəmiyyəti yoxdur” Siyasət

“Bu təlimlərin ciddi əhəmiyyəti yoxdur”

Qabil Hüseynli: "Əvvəla, bu qoşunların kontingentinin 90 faizini rus qoşunları təşkil edir"

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qoşunlarının təlimi başlayıb. Ermənistan Müdafiə Nazirliyinin İvan Baqramyan adına hərbi poliqonunda keçirilən təlimlər oktyabrın 4-nə kimi davam edəcək. Politoloq Qabil Hüseynli məsələni şərh edərkən deyib ki, təlimlərin Ermənistanda keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə maneədən başqa bir şey deyil: "Birinci dəfədir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda birləşmiş qoşunlarının təlimlərini keçirir. Bu təlimlərin keçirilməsi düzgün addım deyil. Çünki Ermənistan müharibə iştirakçısı olan ölkədir. Bu bir növ ermənilərin ayaqlarının altına daş qoyacaq. Ermənistanı Azərbaycana, bütövlükdə Dağlıq Qarabağa münasibətdə daha da qeyri-konstruktiv olmağa yönləndirəcək". Ekspertin sözlərinə görə, bu təlimlər Rusiyanın özünü Ermənistanın daima yanında olduğunu göstərməsinə xidmət edir: "Bu təlimlərin keçirilməsi gözdən pərdə asmaq kimi bir şeydir. "Rusiya Azərbaycanı silahlandırır", "Rusiya Dağlıq Qarabağı əlimizdən alıb Azərbaycana qaytarmaq istəyir" kimi hay-küylərini sakitləşdirmək üçün təlimi Ermənistan ərazisində keçirmək qərarını verdilər. Son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsi ermənilərdə qorxu hissi yaradıb. Ona görə də onlar ruslarla azərbaycanlılar arasında münasibətlərin qarşısını almaq üçün çalışırlar. Cəbhədə törədilən provakasiya da, müxtəlif hay-küylü kampaniyalar da bununla bağlıdır. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının silahlı qüvvələrinin, yəni ikinci NATO-nun mövcudluğunu rəsmən bəyan etmək üçün belə bir təlim keçirir. Yəni ətrafında dövlətlər toplanıb onlar da silahlanıb. NATO-ya alternativ bir gücün formalaşdırıldığının anonsunu vermək istəyir. Əslində, rus qoşunlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları kimi təqdim edən Rusiya Qərbə əzələ nümayiş etdirir. Bundan əvvəl isə Rusiya bu hərbi təşkilatın hava hücumundan müdafiə sistemlərinin qurulmasını irəli sürüb. Bu sistemlərin qurulmasına Ermənistandan başlayacağını bəyan edib.
Bu onu göstərir ki, Ermənistana yeni qoşun və silah növü gətiriləcək və düşmənimiz daha da militaristləşdiriləcək". Qabil Hüseynli bu təlimlərin ciddi əhəmiyyətinin olmadığını da vurğulayıb: "Əvvəla, bu qoşunların kontingentinin 90 faizini rus qoşunları təşkil edir. Qazaxıstan, Qırğızıstan, Belarus kimi ölkələrdən həmin təlimlərə heç bir bölük əsgər də ayrılmayacaq. Ayrılsa belə, böyük bir şeydir. Bu, güclü təlim olmayacaq, formal xarakter daşıyır. Ən qəribəsi odur ki, guya bu təlim sülhün, təhlükəsizliyin qorunub saxlanılmasına xidmət edir. Əslində bölgədə sülhü, təhlükəsizliyi təhdid edən əsas ölkə Ermənistandır. Bu gün də Azərbaycanla təmas nöqtələrində təxribatlar törədir və qarşıdurma vəziyyəti yaradır".
KTMT-ya Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.