Aİ Azərbaycanla assosiativ saziş imzalamağa çalışır Siyasət

Aİ Azərbaycanla assosiativ saziş imzalamağa çalışır

Səfir Malena Mard: "Rəsmi Bakı ilə danışıqlar davam edir, bizim üçün ən mühümü assosiasiya sazişidir "

Dünən Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatını keçirib.
Səfir bəyan edib ki, Aİ üçün Avropa Qonşuluq Siyasəti böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hesabatda qeyd olunduğu kimi, Aİ islahatların daha çox aparılmasını istərdi: "2014-2020 illər üçün 15,4 milyard avro ayrılıb ki, bu da Aİ-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir".
Malena Mardın sözlərinə görə, Aİ ümid edir ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək. O əlavə edib ki, Azərbaycanla Avropa Birliyi (AB) arasında assosiasiya sazişi üzrə danışıqlar davam edir və bu sazişin bir çox fəsillərinə dair artıq razılıq əldə edilib. Səfir assosiasiya sazişi üzrə danışıqların bu il intensivləşəcəyinə ümid etdiyini vurğulayıb: "Ümid edirəm ki, assosiasiya sazişi üzrə danışıqlar bu il intensivləşəcək və paralel olaraq müasirləşdirmə strategiyası imzalanacaq, yaxud bu istiqamətdə danışıqlar aparacağıq. Düzdür, bu iki proses paralel gedəcək, amma bizim üçün ən mühümü assosiasiya sazişidir. Biz inanırıq ki, assosiasiya sazişi gələcəkdə Azərbaycanla AB arasında münasibətləri tənzimləyən yeni hüquqi baza olacaq".
Səfir bildirib ki, hesabatda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Onun sözlərinə görə, əfsuslar olsun ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməyib: "Amma ötən ilin noyabr ayında hər iki ölkənin prezidentləri görüşüb və görüşlərin bundan sonra da keçirilməsinə qərar veriblər".
Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir: "Aİ Minsk qrupunun üzvü deyil. Biz danışıqlar aparan tərəf deyilik. İşin mürəkkəbliyindən xəbərdarıq. Biz sülh istiqamətində tərəqqi olmasını istərdik. Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan bu prosesdə əsas tərəflərdir. Aİ Minsk qrupunu dəstəkləmək istəyir və bunu hansısa sülhməramlı tədbirlərin görülməsi ilə edə bilərik. Amma əgər münaqişə zonasına çıxış yoxdursa, heç nə görmək olmursa, insanlar arasında münasibətlər qurmaq mümkün deyil. Biz insanlar arasında etimad qurulmasında iştirak etmək istəyirik. AB istəyir ki, hər iki tərəf bu situasiyadan uduşlu çıxsın".
Malena Mard qeyd edib ki, hesabatda əsas diqqət Ukraynaya yönəlib. Onun sözlərinə görə, Aİ Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın Rusiyaya birləşdirilməsinə dair keçirilən referendumu tanımır.
O, həmçinin qeyd edib ki, BMT Baş Assambleyasının iclasında referendumu tanımamağa çağıran qətnamənin lehinə səs verən ölkələrdən biri də Azərbaycan idi.
Səfir deyib ki, hesabatda tövsiyələrdən biri də Azərbaycanda korrupsiyaya qarşı mübariziyə dair milli proqramın həyata keçirilməsi ilə bağlıdır.
Aİ səfiri hesabatda Azərbaycanda "ASAN xidmət"in uğurlu fəaliyyəti barədə qeyd olunduğunu da bildirib: "Qürur duyuruq ki, Aİ-nin "ASAN xidmət"in işində az da olsa payı var".
Onun sözlərinə görə, Aİ Azərbaycanda vətəndaş cəmiyyəti ilə bir çox sahələrdə əməkdaşlıq edir və ümid edir ki, bu əməkdaşlıq davam edəcək.
Səfir qeyd edib ki Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsinə də önəm verildiyi barədə hesabatda qeyd olunub.
Malena Mard qeyd edib ki, Aİ münasibətlərin inkişafında iddialıdır. Lakin bu, açıq dialoqa əsaslanmalıdır: "Biz Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edirik. İstərdik ki, enerji sahəsi ilə yanaşı, insan haqları sahəsində də əməkdaşlıq inkişaf etsin. Şərq Tərəfdaşlığı sülhməramlı alətdir".
Səfir onu da deyib ki, Avropa Komissiyası şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflə çıxış edib. Bu, Azərbaycan vətəndaşları üçün də faydalı olacaq və onlar Avropada uzun müddət qala biləcəklər. Səfir qeyd edib ki, təklifə görə viza 6 ay əvvəlcədən alınacaq, Avropada qalma müddəti 90 gündən 1 ilədək uzadılacaq və viza müddəti 1 ildən 3 ilədək yox, 3 il olacaq.
M.Mard qeyd edib ki, bu, Avropa Komissiyasının təklifidir və Aİ-yə üzv dövlətlər bu təklifi müzakirə edəcəklər.
Avropa İttifaqı hesab edir ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini üzrə tədbirləri davam etdirilməlidir. Səfirin sözlərinə görə, Aİ ölkədə bərqərar olan makroiqtisadi stabillik barədə məlumatlandırılıb: "Hesabatda Azərbaycan iqtisadiyyatının gələcəkdə şaxələndirilməsinə yönəldilmiş tədbirlərin davam etdirilməsi, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq və Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyi qeyd olunur".
Səfirin sözlərinə görə, Aİ enerji sahəsində əməkdaşlıqda Azərbaycana böyük önəm verir. O deyib ki, Aİ Azərbaycanın iri ticarət tərəfdaşı və sərmayəçisidir, lakin əməkdaşlıq potensialından tam istifadə olunmayıb: "Aİ Azərbaycanda işləri yoluna qoymaq, ölkədə aparılan islahatların davamını görmək, ticarəti və digər sahələri inkişaf etdirməkdə maraqlıdır. Bundan əlavə, Avropa İttifaqının Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğu yaxşı məlumdur. "Şahdəniz-2" layihəsi üzrə yekun qərarın qəbulu əlamətdar addımdır. Biz bu sahədə qarşılıqlı münasibətləri ən sıx şəkildə inkişaf etdirmək niyyətindəyik.
Avropa İttifaqı tərəfindən dərc olunan Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair hesabatda o da deyilir ki, sabit resurslar və Azərbaycanın dövlət borcunun aşağı səviyyəsi 2013-cü ildə neftin qiymətlərinin volatilliyi üzrə riskləri əhəmiyyətli dərəcədə yumşaldıb və ölkənin güclü xarici mövqeyini qoruyub.
Hesabatda qeyd olunur ki, buna baxmayaraq, ölkənin tədiyyə balansında cari əməliyyatların qeyri-neft hesabının kəsiri ÜDM-in 17,4 faizi səviyyəsində qalıb ki, bu da dövlət məqsədilə qeyri-neft məhsullarının idxalı və qaz sektoruna birbaşa xarici investisiyalarla bağlıdır.
Sənəddə bildirilir ki, Azərbaycan dövlət xərclərinin böyük hissəsini karbohidrogenlərin satışı hesabına maliyyələşdirməkdə davam edir: "Belə ki, 2013-cü ildə büdcə gəlirlərinin 58,43 faizi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılıb. Bu büdcəni ÜDM-in 0,47 faizi səviyyəsində profisitlə yerinə yetirməyə yardım edib".
Hesabatda deyilir ki, ötən ilin dekabr ayında hökumət yanacaq növlərinin prakəndə qiymətlərini 25-33 faiz artırıb: "Eyni zamanda, bir sıra telekommunikasiya xidmətlərinin tarifləri azaldılıb".

CƏMİL